Gəncədə yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində görülən işlər davam etdirilir
Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə Gəncədə həyata keçirilən dezinfeksiya işləri və maarifləndirmə tədbirləri davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, hər şənbə olduğu kimi, bu gün də səhər saatlarından başlayaraq şəhərdə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Mənzil Kommunal Təsərüffatı İstehsalat Birliyinin suçiləyici avtomobilləri vasitəsilə şəhərin mərkəzi küçə və prospektləri xüsusi dezinfeksiyaedici məhlulla yuyulublar. Dezinfeksiya işləri çoxmənzilli yaşayış binalarında, park və xiyabanlarda, dayanacaqlarda, ATM və bankların qarşısında, o cümlədən insanların sıx toplaşdığı digər ərazilərdə də həyata keçirilib.
27 sentyabr – Anım gününə hazırlıq çərçivəsində Gəncənin Şəhidlər Xiyabanında da tibbi-profilaktiki işlər görülüb. Şəhidlər xiyabanının girişi, ətrafı, habelə ziyarət zamanı sıxlığın müşahidə olunacağı ehtimal edilən yerlərə və məzarların ətrafına xüsusi dezinfeksiya edici məhlul çilənib.
Dezinfeksiya işləri ilə yanaşı, sakinlərlə maarifləndirici söhbətlər də aparılıb. Nizami Rayon İcra Hakimiyətinin başçısı Nizami Hacıyevin də iştirak etdiyi maarifləndirmə tədbirləri zamanı sakinlərə bir daha ölkədə tədbiq olunan xüsusi karantin rejiminin qaydalarına riayət etmək, tibbi-gigiyenik vasitələrdən istifadə etmək, habelə sosial məsafə saxlamaq tövsiyə edilib. Həmçinin, ölkədə davam edən vaksinasiya prosesində aktiv iştirak edərək, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirmələri xahiş olunub.