Gəncədə Vətən Müharibəsi zamanı həlak olan mülki şəhidlərin xatirəsi anılıb
18 oktyabr 2021 | 16:00
Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulmasından bir il ötür. Bununla əlaqədar olaraq Gəncədə anım mərasimi təşkil olunub. Anım mərasimdə Milli Məclisin I vitse-spikeri Əli Hüseynli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, hüquq-mühafizə orqanlarının rəhbərləri, müsəlman, xristian və yəhudi dini icmalarının nümayəndələri, habelə şəhər ictimaiyyətinin üzvləri iştirak ediblər.
Mərasim iştirakçıları Vətən Müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, terror qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Niyazi Bayramov məlumat üçün bildirib ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 02:00 radələrində düşmən növbəti dəfə cəbhə zonasından xeyli uzaqda yerləşən Gəncə şəhərini "SCUD/Elbrus" əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub. Nəticədə 15 nəfər şəhid olub, 50-dən artıq şəxs yaralanıb, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var. O da diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabr tarixlərində) raket atəşinə məruz qalıb. Nəticədə 26 nəfər şəhid olub, 130-dan artıq şəxs yaralanıb.
Milli Məclisin I vitse-spikeri Əli Hüseynli bildirib ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Ermənistan qeyri-qanuni üsullarla, qadağan olunmuş silahlardan istifadə edərək döyüş bölgəsindən uzaqda yerləşən yaşayış massivlərini, mülki şəhərləri, xüsusi ilə də Gəncəni bombalayıb. "Bütün bu qanlı hadisələrə, terror aktlarına baxmayaraq Azərbaycan xalqının iradəsi sınmadı. Bu hadisələr gəncəliləri sındıra bilmədi. Əksinə əhali Azərbaycan Ordusundan növbəti döyüş qələbələrini gözləyir və tələb edirdi. Azərbaycan Ordusu həm gəncəlilərin, həm də həlak olmuş digər mülki şəxslərin qisasını Ermənistan ordusuna sarsıdıcı zərbələr vuraraq aldı. Azərbaycan Ordusu bununla tamamilə fərqli döyüş əxlaqı, hərbi mənəviyyat nümayiş etdirdi" – deyə, o bildirib.
Mərasim iştirakçıları Vətən Müharibəsi dövründə həlak olan mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılan ərazilərə tər çiçəklər düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdikləri terror nəticəsində dağılan ərazilər gün ərzində şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər tərəfindən ziyarət olunub.