İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur
Son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atılmış – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılmışdır. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.
2012-ci il dekabrın 29-da pilot layihə olaraq Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır. 2013-cü ilin mayında Sumqayıtda “ASAN xidmət” mərkəzi istifadəyə verilmişdir. Daha sonra 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzləri açılmışdır. Hər dörd mərkəzdə şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı müraciətlər üstünlük təşkil etmişdir.
İlk vaxtlar “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdi. İndi isə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin, daşınmaz əmlakla bağlı dövlət reyestrindən arayışların verilməsi göstərilən xidmətlərə əlavə edilmişdir. Bununla da dövlət orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin sayı 25-ə çatmışdır. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına məlumat verdi ki, Gəncədəki “ASAN xidmət” mərkəzi ötən il dekabrın 21-dən vətəndaşlara xidmət göstərməyə başlamışdır. Gəncə “ASAN xidmət” mərkəzi şəhərin və bir neçə ətraf rayonun əhalisinə xidmət edir.
Binanın qarşısındakı park əsaslı surətdə yenidən qurulmuşdur. Parkda qurulmuş led-paneldə “ASAN xidmət” mərkəzində göstərilən xidmətlər, rüsumlar, mərkəzin əhatə etdiyi rayonlar və s. haqqında informasiyalar daim nümayiş olunur. “ASAN xidmət” yaradıcılığa dəstəklə bağlı müxtəlif sosial aksiyalar da keçirir. Mərkəzin həyətində “YARAT” Müasir İncəsənət Məkanının guşəsi də qurulmuşdur.
Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış oldu.
Burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının stendi də qurulmuşdur. Burada tətbiq edilən yeniliklərdən biri “Exit poll” rəy sorğusunun fəaliyyət göstərməsidir. Bu, vətəndaşların “ASAN xidmət”də olduqdan sonra göstərilən xidmətlə bağlı münasibətini öyrənir. Bu yenilik göstərilən xidmətlərin keyfiyyətini araşdırır. Sorğunun nəticələri müəyyən məsələlər üzrə lazımi tədbirlərin görülməsinə imkan yaradır.
Dövlətimizin başçısına mərkəzdə tətbiq edilən elektron müraciət köşkü barədə məlumat verildi. Bildirildi ki, vətəndaşlar elə Mərkəzin özündən “108 Çağrı” mərkəzinə zəng edərək, canlı videobağlantı ilə xidmətdən yararlanıb razılıqlarını, təkliflərini, müraciətlərini bildirmək imkanı qazanırlar.
Prezident İlham Əliyev mərkəzdə işçilər üçün yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, mərkəzin işçilərinin ümumi sayı 165 nəfərdir, onlardan 55-i könüllüdür.
Gəncə “ASAN xidmət” mərkəzi bu şəhərin, eləcə də Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı sakinlərinə xidmət göstərir. Xidmətin “Çağrı” mərkəzi vasitəsilə vətəndaş Mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb olunan sənədlər barədə məlumat ala və növbə tuta bilər. Mərkəzdə şəffaflığın təmin edilməsi məqsədi ilə xidmət proseduru fasiləsiz videokamera ilə qeydiyyata alınır. Mərkəz müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilmişdir. Mərkəzdə xidmətlərin tənzimlənməsi məqsədi ilə elektron monitor və elektron elan tabloları, videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılmış, daim internetə açıq olan kompyuterlərlə təchiz edilmişdir. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün yüksək şərait yaradılmışdır.
“ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Vətəndaşın qəbulu elektron növbə əsasında həyata keçirilir. Bunun üçün ən müasir avadanlıq quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, xidmətin “asan.gov.az” internet saytında vətəndaşlar üçün “online” növbəyə yazılma, elektron ərizələri doldurma, sənədləri müvafiq orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılmışdır. Elektron məlumat mərkəzinə müraciət edən vətəndaş bütün məlumatları öyrənə, elektron ərizəni doldura və eyni vaxtda çap etdirə bilər. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdırır. Bundan əlavə, Mərkəzdə vətəndaşlar üçün 22 növ funksional yardımçı xidmətlər göstərilir. Burada “Biometrik məlumatların toplanması sistemi” də yaradılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin alınması, elektron imza və digər nadir xüsusiyyətlərə malikdir. “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı tərəfindən 25 hüquqi xidmət həyata keçirilir.
Qeyd edildi ki, mərkəzin fəaliyyətdə olduğu 25 gün ərzində 20 minə yaxın vətəndaş müraciət etmişdir. Gün ərzində isə mərkəzə 1300-1500 müraciət daxil olur.
Sonra dövlətimizin başçısı “ASAN xidmət” mərkəzinin əməkdaşları və könüllülərlə görüşdü.