Gəncədə Türkiyə Respublikasının yaranmasının 98-ci ildönümü qeyd olunub
31 oktyabr 2021 | 16:00
Gəncədə Türkiyə Respublikasının elan olunmasının 98-ci ildönümü münasibətilə Məhsəti Gəncəvi Mərkəzində tədbir təşkil olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Şəmkir Rayon İcra Hakimiyyətinin Rəşad Tağıyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, şəhər ictimaiyyəti və ziyalılar iştirak ediblər.
Tədbirdə Türkiyənin işğaldan azad edilməsi, Cümhuriyyətin qurulması və 44 günlük Vətən müharibəsində canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Zeki Öztürk Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 98-ci ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxuyub. Baş konsul bildirib ki, builki bayram digərlərindən fərqli olaraq Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsindən sonra qeyd edilən ilk bayramdır .
"İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olduq,torpaqların azad olunmasına birlikdə sevindik, şəhidlər üçün birlikdə kədərləndik, 44 gündən sonra Azərbaycanın tarixi zəfərini də birlikdə qeyd etdik. Ölkə prezidentləri 2021-ci il iyunun 15-də türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada dostluq və qardaşlığımızı gücləndirəcək, əlaqələrin daha da inkişafına səbəb olacaq Şuşa Bəyannaməsini imzaladılar. Əlavə olaraq Türkiyə Prezidentinin Azərbaycana bu günlərdə etdiyi səfər bir daha göstərdi ki, bizim birliyimiz əbədi və sarsılmazdır. Çünki bu birliyin hədəfində hansısa üçüncü xalqlar və dövlətlər yox, sülh, sabitlik, təhlükəsizlik və rifah dayanır"-deyə o əlavə edib.
Niyazi Bayramov Cümhuriyyət elan edilməsinin 98-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib. Türkiyə Respublikasına davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıb.
"Ölkələrimiz arasında münasibətlər M.K. Atatürkün və Ulu Öndər Heydər Əliyevin ifadə etdikləri "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" və "Bir millət, iki dövlət" prinsipi üzərində qurulub. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında olub. Hər iki ölkənin birliyi artıq qardaşlıq və əsl tərəfdaşlıq simvoluna çevrilib. İnanırıq ki, bu birlik və qardaşlıq əlaqələri sarsılmaz və əbədi olacaqdır"-deyə Niyazi Bayramov qeyd edib.
Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.