Gəncədə şəhid ailələri daim diqqət mərkəzindədirlər
Ölkənin hər bölgəsində olduğu kimi, Gəncə şəhərində də Vətən müharibəsi zamanı həlak olan şəhidlərimizin ruhu əziz tutulur, ailələri daim diqqət və qayğı ilə əhatə olunurlar.
Həftə ərzində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələri və qazilərlə görüş keçirir, onların müraciətlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verir. Elə bu günlərdə, bir qrup şəhid ailəsi növbəlilik əsasında torpaq sahəsi ilə təmin olunublar. Torpaq sahəsinin sənədləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov tərəfindən təqdim edilib. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.
Bununla yanaşı, Niyazi Bayramov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları səhhətində problem yaranan şəhid anası Vüsalə Məmmədovanı ziyarət ediblər. Şəhər rəhbəri şəhid anasının vəziyyəti ilə maraqlanıb, onun müraciətini dinləyib və həlli istqamətində müvafiq tapşırıqlar verib. Vüsalə Məmmədova səhhəti ilə bağlı narahatçılığın olmadığını dilə gətirib və göstərilən qayğıya görə şəhər rəhbərinə öz minnətdarlığını bildirib.
Eyni zamanda, Vətən müharibəsi şəhidlərinin il dönümləri ilə əlaqədar olaraq şəhər rəhbərliyi anım mərasimlərində yaxından iştirak edir. Şəhid ailələri ilə birlikdə Vətən uğrunda canından keçən igidlərimizin məzarları ziyarət olunur, onların ruhuna dərin ehtiram bildirilir. Onu da qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin il mərasimlərinin təşkili üçün hər bir ailəyə müvafiq qaydada maddi yardım göstərilir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən şəhid ailələri və qazilərə diqqət bundan sonra da davam etdiriləcəkdir.