Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

I Gəncə Kitab Sərgisinin açılışı olub

27 noyabr 2021 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi, "Azərbaycan Nəşriyyatları" İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "I Gəncə Kitab Sərgisi"nin açılışı olub. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhərdə fəaliyyət göstərən idarə müəssisə və təşkilat rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri, yazıçı və kitabsevərlər iştirak ediblər. 
Əvvəlcə Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, "I Gəncə Kitab Sərgisi"nin önəmindən söz açıb. O qeyd edib ki, bu gün kitaba və mütaliəyə olan marağın artırılması olduqca vacibdir və bu baxımdan bu cür tədbirlərin təşkili önəm daşıyır. 
"Azərbaycan Nəşriyyatları" İctimai Birliyinin sədri Şəmil Sadiq bildirib ki, "I Gəncə Kitab Sərgisi" "Nizami Gəncəvi İli"nə həsr olunub. Sərgidə ölkənin ən yaxşı nəşriyyatları iştirak edir.  Gəncə kitabsevərlərinin aktivlik göstərəcəyinə inandığını vurğulayan Şəmil Sadiq, 3 gün ərzində oxucuların burada yeni kitablarla tanış olacağını, endirimlərdən yararlanacaqlarını bildirib. 
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə İctimai İştirakçılıq Məclisinin sədri Müzadil Həsənov, Xalq şairi Sabir Rüstəmxanlı və başqaları çıxış edərək, "Nizami Gəncəvi İli"ndə Nizami yurdunda keçirilən "I Gəncə Kitab Sərgisi"nin gəncəli kitabsevərlər üçün əsl bayram olduğunu bildiriblər. 
Məlumat üçün bildirək ki, sərgidə ANİB-in innovativ layihəsi olan "Öz kitabını sat" guşəsi də yer alır. Bu guşə öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub. 
Həmçinin burada Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyi "Qarabağa kitabla gedirik" layihəsinin stendi də quraşdırılıb. Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə kitabların toplanmasıdır. Sərgi iştirakçıları da öz növbələrində layihəyə dəstək verərək, işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondları üçün müxtəlif nəşrlər hədiyyə ediblər. 
Qeyd edək ki, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Urban" Mərkəzində baş tutan sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edir. Sərgidə satışa çıxarılan kitablara 50%-dək endirim tətbiq olunacaq. 3 gün əzrində məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərgi və bədii proqramlar keçiriləcək.
"I Gəncə Kitab Sərgisi" 28 noyabr 2021-ci il tarixində yekunlaşacaq.

Keçidlər