Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Azərbaycan Milli Elmlər Akademiyasının səyyar iclası keçirildi

14 fevral 2014 | 16:00

AMEA-nın rəyasət heyətinin üzvləri əvvəlcə ümummilli lider Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoydular.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək belə bir mötəbər qurumun səyyar iclasının Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırdı. İcra başçısı son illər Gəncədə aparılan abadlıq və yenidənqurma işlərindən, eləcə də elm və təhsilin inkişafı istiqamətində görülən işlərdən danışdı. Dövlət başçısının diqqət və qayğısı sayəsində Gəncənin nəinki sosial-iqtisadi, həmçinin elmi potensialının da gücləndirilməsi istiqamətində müsbət addımlar atıldığını qeyd etdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə AMEA-nın Gəncə Elmi Mərkəzi Bölməyə çevrilmiş, 7 elmi-tədqiqat institutunun yaradılması barədə fərman imzalanmışdır.
AMEA-nın prezidenti akademik Akif Əlizadə çıxış edərək Azərbaycan elmində qazanılan uğurlardan danışdı və qeyd etdi ki, bu gün respublikamızın bütün sahələrində olduğu kimi, elmdə də  müsbət irəliləyişlər uğurla davam etdirilir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində elmin inkişafına dövlət dəstəyinin nəticəsi olaraq bu sahəyə gənclərin marağı xeyli artmışdır.
İclasda AMEA-nın Regional Elmi Mərkəzinin Bölməyə çevrildikdən sonra burada mövcud olan elmi potensialın daha da güclənəcəyinə inam ifadə olunmuşdur. Bildirilmişdir ki, xüsusilə yaxın vaxtlarda burada yaradılacaq texnoparklar alimlərin qarşısında uğurlu fəaliyyət üçün geniş imkanlar açacaqdır.  Bu da qədim Gəncənin iqtisadi inkişafı deməkdir.
Sonra AMEA-nın Gəncə Bölməsinin direktoru, akademiyanın müxbir üzvü Fuad Əliyev məruzə ilə çıxış edərək rəhbərlik etdiyi kollektivin 2013-cü ildə gördüyü işlər barədə hesabat verdi. Məruzəçi bildirdi ki, Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı bir çox xarici ölkələrdən şairin əlyazmalarının surətləri, eləcə də kitabları gətirilərək tərcümə edilmiş və nəfis şəkildə çap olunmuşdur. Əməkdaşların Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə 5 monoqrafiyası nəşr edilmişdir. Fransada 19 kitab nəşr olunmaqla yanaşı, Nizami Gəncəvinin 870 illik yubileyi geniş  qeyd edilmişdir.
Diqqətə çatdırıldı ki, Bölmənin əməkdaşları Daşkəsəndə çıxarılan dəmir filizi və alunit tullantılarının işlənməsi və zərərsizləşdirilməsi sahəsində bir sıra elmi axtarışlarını uğurla davam etdirirlər.
Xüsusilə Naftalan nefti üzərində tədqiqat işləri davam etdirilir. Hazırda Bölmədə 294 nəfər çalışır ki, onların da 123 nəfəri elmi işçidir. Sevindirici haldır ki, əməkdaşların 97 nəfəri gəncdir. Ötən il 12 nəfər doktoranturaya qəbul olunub.
Sonra AMEA-nın rəyasət heyətinin üzvləri, akademiklər  Qərib Məmmədov, Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Asəf Hacıyev, AMEA-nın akademik katibi Rasim Əliquliyev çıxış edərək Azərbaycan elminin inkişafı sahəsində görülən və görülməsi vacib olan işlərdən danışdılar. Onlar  AMEA-nın Gəncə Bölməsinin gələcək fəaliyyəti ilə bağlı  arzu və təkliflərini verdilər.
İclasda Gəncə Dövlət Universitetinin rektor əvəzi Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, akademik Siddiqə Məmmədova, professorlardan Həsənbala Sadıqov və Məntiq Cəfərov müxtəlif suallarla rəyasət heyətinin üzvlərinə arzu və təkliflərini bildirdilər.
Rəyasət heyətinin səyyar iclasında 5 nəfər gəncin doktoranturaya qəbul  ərizələrinə baxıldı və təsdiq edildi.
Ümumilikdə, səyyar iclasda AMEA-nın Gəncə Bölməsində yeni yaradılan 7 institutun fəaliyyətə başlaması, onların maddi-texniki bazalarının yaradılması və binaların inşası məsələləri ətraflı müzakirə edildi. Eləcə də Gənc Alimlər  və Mütəxəssislər Şurası üzvlərinin elmi-tədqiqat işlərinə daha yaxından cəlb olunması, institutlarda ali təhsil müəssisələrinin uyğun sahə kafedralarının yaradılması və istedadlı tələbələrin elmi-tədqiqata cəlb edilməsi kimi məsələlər barədə qərar qəbul edildi.
Sonra qonaqlar şəhərin görməli yerləri, o cümlədən Heydər Əliyev park-kompleksi, Məhsəti Gəncəvi Mərkəzi, Nizami Gəncəvi Muzeyi, eləcə də Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Komleksi ilə tanış oldular.

Keçidlər