Gəncədə il ərzində uğurlu nəticə əldə etmiş idmançılar və məşqçilər təltif olunublar.
31 dekabr 2021 | 16:00
Gəncədə 2021-ci ilin yekunlarına əsasən uğurlu nəticə əldə etmiş idmançılar və məşqçilərin təltifetmə mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, idmançılar və məşqçilər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimzin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Niyazi Bayramov çıxış edərək 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə idmançıları təbrik edərək, onlara yeni qələbələr və uğurlar arzulayıb.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov 2021-ci il ərzində Baş İdarənin idman sahəsində gördüyü işlər haqqında hesabat xarakterli məlumat verib. O, Gəncə idmançılarının il ərizndə Beynəlxalq yarışlarda əldə etdikləri naliyyətlərdən bəhs edib və növbəti 2022-ci təqvim ilində bütün idmançılarımıza yeni naliyyətlər diləyib.
Tədbirin gedişatında Əməkdar məşqçi, Prezident təqaüdçüsü, Şöhrət ordenli Elçin Zeynalov və Sambo idman növü üzrə Dünya və Avropa mükafatçısı Şahmuraz Qasımov çıxış edərək idmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlığını bildirib. Şahmuraz Qasımov əvvəlki illərdə olduğu kimi idmançıların növbəti illərdə də yeni-yeni qələbələr qazanacaqlarını qeyd edib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci il ərzində yüksək naliyyətlər əldə etmiş idmançılar və məşqçilər təşəkkürnamələr və qiymətli hədiyyələrlə təltif olunublar.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.