Niyazi Bayramov Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunda gedən təmizlik işləri ilə yaxından tanış olmaq üçün əraziyə baş çəkib.
Daha öncə xəbər verdiyimiz kimi, Gəncə Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində ilkin genişmiqyaslı təmizlik işləri aparılıb. Bugün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayamov əraziyə baş çəkib, burada aparılan təmizlik işləri ilə yaxından tanış olub.
Şəhər rəhbərinə bildirilib ki, qalanın və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə sözügedən ərazinin, o cümlədən Comərd Qəssab türbəsinin ətrafı məişət tullantılarından təmizlənib, yeni məlumat lövhələri quraşdırılıb. Həyata keçirilən müvafiq işlərə Mənzil Kommunal Təsərrüfat İstehasalat Biriliyinin əməkdaşları ilə yanaşı, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun və AMEA-nın mütəxəssisləri də cəlb olunublar.
Niyazi Bayramov qeyd edib ki, aparılan təmizlik və abadlıq işləri qədim Gəncə qalasının qorunub saxlanılması, tariximizin yaşadılması ilə yanaşı, turizmin inkişafına da töhfə verəcək. Eyni zamanda o, sakinlərə ətraf mühitə qarşı diqqətli olmağı, abadlıq işlərindən sonra ərazinin təmiz saxlanılmasına xüsusi diqqətlə yanaşmalarını tövsiyə edib. Şəhər sakinləri tərəfindən şəhərin tarixinə verilən önəmə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Bununla yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin mərkəzində ucaldılan Nizami Gəncəvinin abidəsinin restavrasiya işləri ilə də tanış olub. Abidənin restavrasiyasına Əməkdar rəssam Şərif Şərifov rəhbərlik edir.