2013-cü il gəncəlilər üçün böyük qələbələr ili kimi yaddaqalan oldu
Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin bir il ərzində görülən işlərə dair hesabat məruzəsi dinlənilərək müzakirə edilmişdir.
Məruzəçi demişdir ki, ölkə prezidentinin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti nəticəsində bütün regionlarda olduğu kimi, Gəncə şəhərində də sosial-iqtisadi inkişafa nail olunmuş, bir il ərzində şəhərdə istehsal edilmiş ümumi məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz artmışdr. Ümumdaxili məhsulun 23,8 faizi sənayenin, 0,4 faizi kənd təsərrüfatının, 41,7 faizi tikinti-quraşdırma işlərinin, 9,3 faizi nəqliyyatın, 0,6 faizi informasiya və rabitə sahələrinin, 24,2 faizi ticarət və xidmət sahələrinin payına düşmüşdür. Nəticədə 2013-cü ildə şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 300,8 manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz çoxdur.
2013-cü ildə şəhər sənayesində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 173 milyon 864 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Bu əvvəlki dövrlə müqayisədə 5,7 faiz çoxdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 62,6 faizini təşkil etmiş, ümumi istehsalın 88,4 faizi sənaye mallarının istehsalı, 11,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Ümumi istehsalın 88,4 faizi sənaye məhsulu istehsalının, 11,6 faizi sənaye xarakterli xidmətlərin hesabına olmuşdur.
İcra başçısı Elmar Vəliyev demişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinin uğurla həyata keçirilməsi nəticəsində şəhər sürətlə inkişaf etmiş, həyata keçirilən yenidənqurma və abadlıq-quruculuq işləri geniş miqyas almışdır. Məhz bunun nəticəsidir ki, 2013-cü ildə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 329,3 milyon manat və ya əvvəlki ildən 2,5 dəfə çox vəsait yönəldilmişdir.
Şəhərin sosial-iqtisadi həyatında müşahidə olunan davamlı və sürətli inkişaf, əlverişli investisiya mühiti investorlar tərəfindən əsas kapitala yönəldilmiş ümumi sərmayənin məhsul istehsallı obyektlərin inşasında 83,1 milyon manat (25,2 faiz), xidmət sahələri üzrə obyektlərin tikintisində 246,2 milyon manat (74,8 faiz) vəsaitdən istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin hamısı daxili vəsaitlərdən ibarət olmuşdur.
2013-cü ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin səviyyəsini 10,2 faiz üstələmişdir. Bu müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri inşaat işlərinin həcmi 60,5 milyon manat təşkil etmişdir.
Ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində hesabat dövründə bir sıra sosial yönümlü obyektlər istifadəyə verilmiş, 2013-cü il ərzində ümumi sahəsi 29715 min kv. metr və ya 1,9 dəfə çox fərdi yaşayış evləri, 2 min 310 şagird yerlik ümumtəhsil məktəbləri, mədəniyyət ocaqları və digər qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmiş, 270-ə yaxın sosial xidmət və fərdi yaşayış evlərinin inşası isə davam etdirilmişdir.Ümumi ərazisi 450 hektar olan parkda Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Gənclər Mərkəzi, 3800 yerlik “Amfiteatr” “Şəlalələr” Kompleksi, ümumi sahəsi 70 min kv. metr olan “Gəncə göl”, Gənclər və Çinarlar Alleyası, “Zəfər Tağı” inşa edilmişdir.
Gəncənin simasını nəzərə çarpacaq dərəcədə dəyişmiş bu parkın ərazisində 7 km-dən çox avtomobil yolu asfaltlanmış, 60 min kvadratmetrə yaxın sahəyə qranit, metlax, tamet döşənmiş, 224 ədəd müxtəlif işıqlandırma sistemi quraşdırılmış, 18 fəvvarə tikilmiş, minlərlə dekorativ gül və ağac kolları, tinglər əkilmiş, 300 hektardan çox sahədə yaşıllıq sahəsinin suvarılması məqsədi ilə 30 ədəd subartezian quyusu istifadəyə verilmişdir.Möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşların Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Gəncə şəhərində inşa edilmiş "ASAN xidmət” Mərkəzi fəaliyyətə başlamışdır.
Regionların sosial-iqtisadi inkişafı II Dövlət Proqramı çərçivəsində Gəncəçay çayının şəhər ərazisindən keçən hissəsində sahilboyu bərkitmə işlərinin aparılması və çayın məcrasının yenidən qurulması işləri davam etdirilir. Sahil boyu park salınır, mövcud parklar yenidən qurulur, sosial obyektlər inşa edilir.
Dövlət başçısının Sərəncamı ilə yeni yaradılmış 5 qəsəbəni Gəncə şəhəri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə 186 min 574 kv. metr asfalt örtüyü salınmış, 44 min 46 p/metr bort daşları, 400 ədəd işıq dirəyi və müasir işıqlandırma sistemi quraşdırılmış, yol kənarına həmişəyaşıl ağaclar əkilmiş, qəsəbənin ictimai nəqliyyat işləyən küçələrində dayanacaqlar quraşdırılmışdır.
Şıxzamanlı qəsəbəsində, Aeroport yolu istiqamətində və digər ərazilərdə 365-dən çox fərdi yaşayış evinin, 250-ə yaxın yüksəkmərtəbəli binanın dam örtüyü dəyişdirilmiş, çoxmənzilli binalarda 70-dən çox istismar müddətini bitirmiş liftlər müasir sərnişin liftləri ilə əvəz edilmişdir.
Ötən müddətdə səhiyyə ocaqlarında aparılan yenidənqurma və təmir-tikinti işlərinin davamı olaraq Abbas Səhhət adına 1 saylı Şəhər və Yoluxucu Xəstəliklər xəstəxanalarında, 6 nömrəli şəhər poliklinikasında əsaslı təmir işləri sürətləndirilmiş, Təcili Tibbi Yardım Xəstəxanasında və 2 saylı poliklinikada yeni istilik sistemi quraşdırılmış, Təcili Tibbi Yardım Stansiyasının, 2 saylı Uşaq Xəstəxanasının dam örtüyü və Uşaq Stomatoloji Poliklinikasının binası əsaslı təmir olunmuşdur.
Gəncə şəhərinin Şərq istiqamətindən giriş hissəsində Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Abidə Muzey kompleksi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi inşa edilmişdir.
İcra başçısı Elmar Vəliyev onu da qeyd etmişdir ki, 2014-cü il gəncəlilər üçün daha uğurlu olacaqdır. Cari ildə Respublika Prezidenti cənab İlham Əliyevin Gəncəyə növbəti səfəri və onun şəhərimiz haqqında söylədiyi fikirlər insanlarda ruh yüksəkliyi yaratmışdır. İlin əvvəlindən işə böyük həvəslə başlayan hər bir Gəncə sakini bu il də daha böyük uğurlara imza atmağı özlərinin vətəndaşlıq borcu hesab edirlər.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Çıxışlarda keçən il görülən işlər yüksək qiymətləndirilmiş və qeyd olunmuşdur ki, 2013-cü il Gəncənin sosial-iqtisadi inkişafında ən uğurlu bir il olmaqla onun həm də beynəlxalq aləmdə özünün təsdiqi kimi yaddaşlara yazılmışdır.
Toplantıda Prezident administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək ölkəmizin sosial-iqtisadi həyatında baş verən yeniliklərdən danışmış və 2014-cü ildə gəncəlilərin daha daha böyük uğurlar qazanacağına əminlik ifadə etmişdir.
Sonra cari ildə görüləcək işlərə dair qərar və ölkə başçısına müraciət qəbul edilmişdir. Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş bir qrup Gəncə ziyalısına mükafatlar təqdim olunmuşdur.