Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Gəncə şəhər MKTİB-in Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsində olub

19 yanvar 2022 | 16:00
 
Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsi Gəncəçay çayının sağ sahilində yerləşir və təxminən 15 hektarlıq ərazini əhatə edir. Burada yetişdirilən müxtəlif növ dekorativ bitki, gül-çiçək və ağaclar, ilin müəyyən fəsillərində şəhər ərazisindəki yaşıllıq zolaqlarına köçürülürlər. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gülçülük sahəsində yaradılan şəraitlə tanış olub, şəhər ərazisində yaşıllaşdırma sahəsində görüləcək işlərlə bağlı öz tapşırıq və tövsiyələrini verib. 

İcra başçısına məlumat verilib ki, buradakı istixanalarda fərqli növdə qızıl güllər, çöbanyastığı və bənövşələr, habelə ətirşah (geran), pirimula, kazaniya, maqnoliya, çinerariya kimi güllər yetişdirilir. Bağçılıq təsərrüfatının açıq sahəsində isə çinar, sərv, Eldar şamı, tuya və digər ağaclara rast gəlmək olar. Hazırda Gülçülük sahəsində 30 minə yaxın Xan çinarı, 50 minə yaxın Eldar şamı, 40 minə yaxın tuya, 200 minə yaxın həmişəyaşıl kollar becərilir. Bitkilərə lazımi qaydada qulluq göstərilməsi üçün burada 2 ədəd 50 tonluq su çəni, böyük hovuz və əlavə yardımçı tikililər mövcuddur. 

Qeyd etmək lazımdır ki, Gəncə şəhər MKTİB-in Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsinin fəaliyyəti son illərdə daha da genişləndirilib. Belə ki, əgər əvvəllər şəhərin yaşıllıq sahələrini bəzəyən dekorativ bitkilər xaricdən gətirilirdisə, artıq buna ehtiyac qalmayıb. Gəncənin gözəlliyinə əlavə rəng qatan gül-çiçəklərin hamısı burada yetişdirilir. 50 ilə yaxındır şəhərin mərkəzi hissəsini bəzəyərək, zamanın keşiyini çəkən Gəncənin "Yaşıl təqvim"i də məhz burada hazırlanır.
 
Keçidlər