Azərbaycan, Türkiyə və Gürcüstan respublikaları xarici işlər nazirlərinin Gəncədə görüşü keçirilmişdir
Gəncənin “VEGO” otelində keçirilən görüşdə ölkələr arasındakı münasibətlər, regional əməkdaşlıq məsələləri, iqtisadi inkişaf və üç dövlət arasında hərtərəfli inkişaf məsələləri Azərbaycan-Türkiyə, Türkiyə-Gürcüstan və Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin ikitərəfli görüşlərində müzakirə edilmişdir.
Gəncə Şəhər İcra Hakimiyyətində səmimi qarşılanan xarici işlər nazirlərinin burada keçirilən geniş tərkibli görüşündə bir çox regional məsələlər müzakirə edilmiş, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Gəncə görüşünün yekunları əsasında birgə Bəyannamə imzalanmışdır. Bəyannamədə deyilir ki, mövcud həll olunmamış münaqişələr günahsız insanların ölümünə, etnik təmizliyə, yüz minlərlə insanın qaçqın və məcburi köçkün olmasına, insan haqları və azadlıqlarının təməl prinsiplərinin pozulmasına səbəb olur.
Nazirlər Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələrin BMT Təhlükəsizlik Şurası, ATƏT və Avropa Şurasının qətnamələri və qərarları, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həll olunmasına dəstək ifadə ediblər. Onlar Bakı-Tbilisi-Ərzurum, “Şəhdəniz 2” layihələri və Bakı-Tbilisi-Qars nəqliyyat layihələrinin uğurla həyata keçirilməsinin vacibliyini vurğulamışlar.
Nazirlər ölkələr arasında həm ikitərəfli, həm də üçtərəfli formatda əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluqlarını bildirmiş və əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd etmişlər.
Daha sonra hər üç nazir görüşlə bağlı mətbuat konfransı keçirmişdir. KİV nümayəndələri üçün açıqlamada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə Azərbaycan və Gürcüstan ərazisindəki həll olunmamış münaqişələr, enerji və infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası məsələsi müzakirə olunub.
Biz Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Tbilisidə keçiriləcək görüşü ətrafında da fikir mübadiləsi apardıq, Avropa enerji təhlükəsizliyini təmin edən “Şahdəniz-2”, eləcə də Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmiryol xətti layihələrini müzakirə edildi. Eyni zamanda üçtərəfli fəaliyyət planı üzrə əməkdaşlıq nəzərdən keçirildi.
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze konfransda çıxış edərək demişdir ki, 2012-ci ildə Trabzon görüşündən sonra başlayan xarici işlər nazirlərinin üçtərəfli görüşləri hər üç respublika üçün böyük siyasi və iqtisadi səmərə verməkə yanaşı Azərbaycan, Türkiyə və Gürcüstan ölkələri arasında strateji əməkdaşlığın daha yeni səviyyəyə çatdırılmasına imkan vermişdir.
Gürcüstan Respublikasının xarici işlər naziri Maya Pancikidze jurnalistlərin Ahıska türklərinin ikili vətəndaşlığı ilə bağlı suallarını cavablandırarkən qeyd edib ki, bu mübahisələr Avropa Birliyinin köməyi ilə həll olunacaq. Artıq minə yaxın Ahıska türkü Gürcüstandakı tarixi vətənlərinə geri qayıdıb.
Sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edərək üç ölkə xarici işlər nazirləri arasında keçirilən belə görüşlərin əhəmiyyətindən danışmışdır. Əhməd Davudoğlu Gəncədə olmağından məmnunluq duyduğunu bildirmiş, Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Mirzə Şəfi Vazeh kimi dühaların vətəni olan bu şəhərin doğrudan da gözəl olduğunu qeyd etmişdir.
Əhməd Davudoğlu sonra Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələrinin gündən-günə genişləndirilməsinin vacibliyindən danışmışdır. Qeyd etmişdir ki, bölgədə həyata keçirilən bütün nəhəng layihələr hər üç ölkə üçün inkişaf, gələcək uğurlar deməkdir.
Sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı gedən söz-söhbətlərə açıqlama verən Əhməd Davudoğlu – Qarabağ problemi həll edilməyincə Türkiyə-Ermənistan sərhədinin açılmasından söhbət gedə bilməz – demişdir.
Nazirlər növbəti görüşün bu il ərzində Türkiyənin Qars şəhərində keçiriləcəyini bildiriblər.
Mətbuat konfransından sonra Gürcüstanın Gəncədəki Baş Konsulluğunun açılışı olub.
Mərasimdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə daha bir konsulluğun açılmasını şəhərin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib və bu konsulluğun iki ölkə arasında münasibətlərin yüksək səviyyədə qurulmasına xidmət edəcəyinə əminliyini vurğulayıb.
Daha sonra Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri baş konsulluğun inzibati binasında yaradılmış şəraitlə tanış olmuşlar.