Xocalı soyqırımı Gəncədə silsilə tədbirlərlə anıldı
Elm və təhsil müəssisələrində, idarə və təşkilatlarda keçirilən elmi-praktik konfranslarda, Xocalı soyğırımına həsr edilmiş rəsm, şeir, inşa yazı müsabiqələrində bildirilmişdir ki, bəşəriyyətin ən qanlı faciəsi olan Xocalı soyqırımı nəinki azərbaycanlılara, eləcə də insanlığa qarşı yönəldilmiş ən qanlı aksiyadır.
Faciənin 22-ci ildönümü Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən ümumşəhər toplantısı ilə davam etdirilmişdir. Toplantını açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni cəlladlarının keçmiş sovet ordusunun 366-cı motoatıcı hərbi birləşmələrinin köməyi ilə əliyalın xocalılılara qarşı törətdikləri cinayətdən danışmış, bu faciə nəticəsində həmin şəhərin yerlə-yeksan edildiyini, sakinlərinə isə divan tutulduğunu faktlarla diqqətə çatdırmışdır. Elmar Vəliyev qeyd etmişdir ki, azərbaycanlılara qarşı törədilən bu cinayət ancaq ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra öz həqiqi qiymətini almışdır. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində apardığı işlər yüksək qiymətləndirilmişdir.
Sonra Gəncə Dövlət Universitetinin professoru, tarixçi-alim Həsənbala Sadıqov, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Azad Bayramov və Azərbaycan Texnologiya Universitetinin müəllimi Rauf Hacıyev məruzə ilə çıxış edərək ermənilərin torpaq iddiası ilə əsrlərlə azərbaycanlılara qarşı yürütdükləri soyqırımı siyasətindən danışmışlar.