Niyazi Bayramov sakinlərlə görüşüb
02 mart 2022 | 16:00
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla səyyar görüş keçirib. Görüş Gəncə şəhər M.Mehtizadə adına 4 nömrəli tam orta məktəbdə baş tutub. Səyyar görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Millət vəkili Müşfiq Cəfərov, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüş zamanı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Niyazi Bayramov bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq iki ilə yaxındır ki, keçirilməyən səyyar görüşlər, artıq bərpa edilir və bu aydan etibarən, müəyyən olunmuş qrafik üzrə mütəmadi şəkildə baş tutacaq.
Pandemiya qaydalarına uyğun olaraq təşkil olunan görüşdə sakinlər müraciətlərini dilə gətirib, onları narahat edən məsələləri şəhər rəhbərliyinin diqqətinə çatdırıblar. Müraciətlər arasında su və çirkab su xətlərinin çəkilişi, abad məhəllələrin yaradılması, bir sıra küçə və döngələrin asfaltlanması, bəzi ərazilərdə su təchizatının yaxşılaşdırılması, küçə işıqlandırılması sisteminin qurulması, işlə təminat və sair məsələlər üstünlük təşkil edib. Görüşdə iştirak edən sakinlər onları narahat edən şəxsi problemlərini də dilə gətiriblər.
Sakinlərə məlumat verilib ki, Gəncə şəhərində "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi icra olunur. Gəncə küçələrinin və qəsəbədaxili yolların asfaltlanması, məhəllələrin abadlaşdırılması şəhərin su və çirkab su sisteminin yenidən qurulması məqsədi ilə həyata keçirilən sözügedən layihəyə paralel şəkildə aparılır. Bununla yanaşı, Gəncədə küçə işıqlandırılması ilə bağlı yeni layihə həyata keçirlir. Layihə çərçivəsində mərhələli şəkildə şəhərin bütün küçələrində yeni işıq dirəklərinin quraşdırılması, bir çox ərazidə isə mövcud işıq dirəklərinin təmiri və yenilənməsi nəzərdə tutulmuşdur.
Səsləndirilən digər problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həll üçün tapşırıqlar verilib.