Gəncədə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib.
04 mart 2022 | 16:00
Gəncədə Heydər Əliyev Mərkəzində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq tədbir keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə rəsmilərin və idmançıların iştirakı ilə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, idmançıları şəhər rəhbəri Niyazi Bayramovun adından Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, hər birinə gələcək yarışlarda uğurlar arzulayıb.
Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk də öz növbəsində bütün idman ictimaiyyətinə yeni-yeni nailiyyətlər arzu edib.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov 2021-ci il ərzində Baş İdarənin idman sahəsində gördüyü işlər haqqında hesabat xarakterli çıxış edib. O, il ərzində Baş İdarə tərəfindən keçirilən tədbirlər haqqında geniş məlumat verib və idmançılara müvəffəqqiyyətlər diləyib.
İdman ictimaiyyəti adından Əməkdar məşqçi, Prezident təqaüdçüsü, Şöhrət ordenli Elçin Zeynalov və Əməkdar məşqçi-müəllim Albert Qəribov çıxış edərək idmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər və əvvəlki illərdə olduğu kimi idmançıların növbəti illərdə də yeni-yeni qələbələr qazanacaqlarını qeyd ediblər.
Sonda bir qrup idmançı Bədən Tərbiyəsi və İdmanın inkişaf etdirilməsində göstərdiyi fəaliyyətlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının və YAP Gəncə şəhər Təşkilatının sədrinin "Təşəkkürnamələr"i, eyni zamanda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisinin "Fəxri Fərman"ı ilə təltif olunub və hədiyyələr təqdim edilib.