Xocalı soyqırımı insanlığa qarşı törədilən ən ağır cinayətdir
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra dualar oxunmuşdur. Sonra anım mərasiminin iştirakçıları burada Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə tər qərənfillər düzmüşlər. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək xocalılılara başsağlığı vermiş və onları əmin etmişdir ki, ölkə başçısı İlham Əliyevin apardığı siyasət nəticəsində işğal olunmuş torpaqlar azad ediləcəkdir.
Anım mərasimində Xocalı ağsaqqalı Kərəm Əsgərovun çıxışından sonra məktəblilər o qanlı faciəni əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Daha sonra icra başçısı Xocalıdan olan məcburi köçkünlərin problemləri ilə maraqlanıb. Müraciət edən hər kəsi qayğı ilə dinləyib. Xocalıların qarşılaşdığı çətinliklərin həlli üçün yerindəcə müvafiq təşkilatlara tapşırıqlar verib. Xocalılar hər zaman onların sosial-məişət şəraitlərinin yaxşılaşması üçün qayğı göstərən Prezident cənab İlham Əliyevə və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra mərasim iştirakçıları qəsəbədə qurulmuş çadırlarda ehsan süfrəsinə dəvət olunmuşlar.