Gəncədə növbəti səyyar görüş keçirilib.
31 mart 2022 | 16:00
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hər həftə vətəndaşlarla görüşür, onları narahat edən problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verir. Gəncə şəhər 3 saylı tam orta məktəbdə baş tutan görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Gəncə Şəhər Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəsmilərlə birgə, məktəbdə şəhidlərin xatirə lövhəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Açıq mikrofon" şəraitində keçirilən görüşdə sakinlər onları narahat edən məsələləri və təklifləri dilə gətiriblər. Müraciətlər arasında su və çirkab su xətlərinin çəkilişi, küçə işıqlandırılması sisteminin qurulması, işlə təminat, şəhərin bir sıra ərazilərində ATM-lərin quraşdırılması, əlillik dərəcəsinin təyin edilməsi və sair məsələlər üstünlük təşkil edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı səsləndirilən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun səlahiyyətlərinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Qeyd edəki ki, məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etmək olan səyyar görüşlər mütəmadi olaraq keçirilir.