Gəncə Dövlət Universitetinə təyin edilən rektorun təqdimatı olmuşdur
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illər Azərbaycan təhsilinin yeniləşdirilməsi üçün görülən işlərdən, Heydər Əliyev Fondunun, eləcə də Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəblər" layihəsinin əhəmiyyətindən danışmışdır.Yüksək ixtisaslı müəllim hazırlığı məsələsinin qarşıda duran ən mühüm vəzifələrdən biri olduğunu qeyd edən təhsil naziri bu işdə Gəncə Dövlət Universitetinin rolunu xüsusilə qeyd etmiş və demişdir ki, bu ali təhsil ocağı respublikada yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında yüksək ənənələrə malikdir.
Sonra ölkə başçısının sərəncamı ilə universitetə rektor təyin edilmiş Yusif Yusibovu kollektivə təqdim etmişdir.Yeni rektor Yusif Yusibov ona göstərdiyi etimada görə dövlət başçısına minnətdarlıq etmiş və bu etimadı doğrultmaq üçün bütün bilik və bacarığını əsirgəməyəcəyinə söz vermişdir.
Təqdimat mərasimində iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yeni təyinat münasibətilə Yusif Yusibovu təbrik etmiş və bu təyinatın kollektivə yeni ruh gətirəcəyinə əminlik ifadə etmişdir.