Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə keçirilən Novruz şənliyi insanlara xoş ovqat bəxş etdi

19 mart 2014 | 16:00

Gündən-günə böyüyüb, gözəlləşən ulu Gəncə martın 18-də başqa görkəmdə idi. Başdan-başa bayram libasına bürünmüş Nizami yurdunun sakinləri baharın gəlişini qeyd etmək üçün möhtəşəm Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin qarşısına toplaşmışdılar. Çox çəkmədi ki, Ozan babanın gur səsi meydana yayıldı. Şənlik iştirakçılarını salamlayan Ozan baba şəhər rəhbərliyini və iştirakçıları bayram münasibəti ilə təbrik edərək öz müdrik kəlamları ilə ötüb-keçənləri yada saldı.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Qala qapısının qarşısında qurulmuş tonqalı alovlandırdı. «Göygöl» Mahnı və Rəqs ansamblının rəqs kollektivi «Yallı» rəqsi ilə tonqalı dövrəyə aldı. Novruzun qədim atributlarından olan Kosa və Keçəl icra başçısı ilə yumurta döyüşdürdülər. Gəncə Musiqi Kollecinin xoru «Zəfər» marşını ifa etdi. «İgidlər» rəqsindən sonra Qala qapısının qarşısında şənlik iştirakçılarını Gəncənin ulu sakinləri – Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad xan qarşıladılar. Dahi şairlər ölməz misralarından nümunələr səsləndirdilər. Gəncə xanı mənəvi övladlarına arzu və istəklərini bildirdi. Qala abidə-kompleksinin muzeyini seyr edən tədbir iştirakçıları burada daş və tunc dövrlərini əks etdirən, Gəncənin hərb tarixinə aid olan döyüş alətləri və geyimləri ilə, həmçinin digər tarixi eksponatlarla tanış oldular.
Daha sonra şənlik bayram libasına bürünmüş Cavad xan küçəsində davam etdirildi. Milli geyimli qızlar şəhər rəhbərliyini və ictimaiyyət nümayəndələrini şərbətə qonaq etdilər. Müxtəlif yaradıcılıq mərkəzlərinin, təhsil ocaqlarının hazırladıqları musiqi nömrələri və rəqslər nümayiş olundu. Burada baharı, milli adət-ənələrəimizi, mətbəximizi, qədim məişətimizi əks etdirən sərgiyə baxış keçirildi. 
Məhsəti Mərkəzinin yaxınlığında qurulmuş nəhəng tonqalı alovlandıran icra başçısı Elmar Vəliyev ürək sözlərini gəncəlilərlə bölüşdü: “Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində xalqımız keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliyini qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışdır. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq bu bayram tarixi mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir. Xalqımızın bu baharı da öz gəlişi ilə hər evə, hər ocağa bol ruzu-bərəkət və firavanlıq gətirsin” – deyən icra başçısı sakinlərə xoş arzularını bildirdi.
Mərkəzin qarşısında isə Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında əməkdar incəsənət xadimi, beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, şair Məmməd Alimin «Gəncədən doğan ulduz» mənzum pyesindən parça nümayiş etdirildi. Daha sonra meydan tamaşasını maraqla seyr edən iştirakçılar Novruz adətlərindən olan xoruz döyüşdürməyin, dirədöymənin, daşoynatmanın, yumurta döyüşdürmənin şahidi oldular. Sonda şənlik iştirakçıları bayram təamları düzülmüş masalara dəvət edildi.

Keçidlər