Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü gününədək 91 min ağac əkiləcək
Qışın oğlan çağında belə xiyabanlar boyu cərgələnən həmişəyaşıl ağaclar, mövsümü çiçəklər insanların əhval-ruhiyyəsini artırır, onlara xoş ovqat bəxş edir.
Şəhər böyüyür. Odur ki, ağacların əkilməsinə hər zaman zərurət yaranır. Artıq Gəncə yaşıl şəhərə çevrilmək ərəfəsindədir.
Sahəsi 420 hektar, uzunluğu 2 kilometrə bərabər olan Heydər Əliyev parkında milyona yaxın ağac, gül kolu, çiçək əkilsə də bu möcüzəli məkana yenə də sakinlər tərəfindən yaşıl «ilmələr» vurulur.
Aprel ayının 11-dən başlayan ağacəkmə aksiyası ənənəvi olaraq startını ulu öndərin adını daşıyan parkdan başladı. Bu da təsadüfi deyildir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü gününədək şəhərin müxtəlif istiqamətlərində 91 min ağac əkiləcəkdir.
Ağacəkmə aksiyasında yaxından iştirak edən kollektivlərdən biri olan 21 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Xəqani Səfərov bildirib ki, Gəncə şəhərinə Göygöl, Şəmkir və Yevlax istiqamətlərindən girişdə artıq 20 minə yaxın ağac əkilib.
Gəncənin yaşıl libasını bəzəyəcək bu ağacların – şam və xan çinarların hər biri sakinlərin ulu öndərə sonsuz məhəbbətindən bəhrələnərək qol-budaq atacaq və əbədi məhəbbətin əbədi daşıyıcısına çevriləcəkdir.