Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri şəhərimizə səfər etmişdir
Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov amerikalı diplomatı Gəncədə görməyindən məmnun olduğunu bildirmiş və belə səfərlərin iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmlənməsində böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Səfir Riçard Morninqstar Azərbaycanın bu qədim şəhərinə 5-ci dəfə səfər etdiyini və bütün səfərlərdən razı qaldığını qeyd etmiş, hər gəlişində Gəncədə yeniliklərin şahidi olduğunu diqqətə çatdırmışdır. Diplomat ABŞ-ın Azərbaycandakı səfirliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin müxtəlif sahələri əhatə edən əməkdaşlığını yüksək qiymətləndirmişdir. Xüsusilə səfirliyin xətti ilə Gəncədə “Meri Mak Brayd” qrupunun konserti üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.
Sonra səfir Gəncəyə səfərinin məqsədini açıqlayaraq demişdir ki, iki gün ərzində o, Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış şəhərciyə baş çəkəcək, “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində ötən ilin may ayından başlayan “İnsan alveri və potensial insan alveri qurbanlarına regional reablitasiya-reinteqrasiya mərkəzi”nin fəaliyyəti ilə maraqlanacaq, Amerikada təhsil alan azərbaycanlı tələbələrlə görüşəcək və mərkəzi şəhər kitabxanasında fəaliyyət göstərən “Amerika mərkəzi”ndə olacaqdır.