Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə əvvəlki illərdə qazandığı uğurlarını cari ilin birinci rübündə də qoruyub saxlamışdır

19 aprel 2014 | 15:00

Ötən dövr ərzində əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, respublikanın digər bölgələri kimi, Azərbaycanın bu qədim şəhəri də bütün sahələr üzrə böyük inkişaf yolundadır.
Aprelin 18-də Gəncə Şəhər İcra Hakimiyyətinin böyük iclas salonunda keçirilən ümumşəhər müşavirəsində geniş məruzə ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verərək demişdir ki, bu uğurlar Respublika Prezidenti İlham Əliyevin yanvarın 21-də Gəncəyə növbəti səfərindən sonra daha da sürətlənmiş, gəncəlilər tarixi səfər zamanı ölkə başçısının verdiyi hər bir tapşırığı proqram sənədi kimi qəbul edərək daha əzmlə çalışmışlar.
Elmar Vəliyev daha sonra demişdir ki, şəhərdə başlanan abadlıq və quruculuq işləri yola saldığımız rüb ərzində də uğurla davam etdirilmişdir. Belə ki, ümumdaxili məhsul istehsalı 159 milyon manata çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Əhalinin pul gəlirləri də xeyli artmış, orta aylıq əmək haqqı 521 manat olmuşdur. Şəhərdə fəaliyyət göstərən “Gəncə-Şərab-2”, “Elba”, Gəncə-tekstil məhdud məsuliyyətli cəmiyyət həmişə olduğu kimi ötən rüb ərzində də uğurlara imza atmışlar.
Elmar Vəliyev şəhərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artdığını söyləmişdir. 300 yaşayış binasının dam örtüyü və fasadı yenidən  qurulmuş, 70 ədəd çoxmərtəbəli binada liftlər yenisi ilə əvəz edilmişdir. Bir çox küçələr genişləndirilmiş, şəhər təhsil idarəsi, Mərkəzi Bankın Gəncə şəhər filialı, Kəpəz rayon Polis idarəsi üçün inzibati binalar inşa edilmişdir. Bundan başqa bir çox küçələrdə Gəncə memarlıq üslubuna uyğun olaraq fasad hissəsi kərpiclə təmir olunmuş, küçələrə gözəl görkəm verilmişdir.
Şəhərdə ekologiyanın qorunması və eləcə də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Ulu öndərin ad gününə kimi 91 min ağac əkək!” devizi altında keçirilən aksiya uğurla davam etdirilir.
Müşavirədə şəhər nəqliyyatının yenilənməsi, həmçinin işıq, qaz təsərrüfatında olan bəzi nöqsanların aradan qaldırılması üçün  müzakirələr aparılmış, bu sahələrdə işlərin kökündən yaxşılaşdırılması məqsədilə tapşırıqlar verilmişdir.
Müşavirədə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev  Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tədris olunan “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda keçirilən açıq dərslərlə bağlı hesabatı dinlənilmişdir.
Müşavirədə iştirakçılar bir sıra arzu və təkliflər irəli sürmüşlər ki, bununla bağlı aidiyyəti idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər