Gəncədə Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib
Bu münasibətlə Gəncə şəhərində Mir Cəlal Paşayevin xatirəsi anılıb.Görkəmli elm adamı Mir Cəlal Paşayevin Gəncədəki ev müzeyində keçirilən xatirə gecəsinə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, struktur rəhbərləri və ziyalılar qatılıb. Ziyalılar arasında yazıçının müasirlərindən olan Milli Aviasiya Akademiyasının kafedra müdiri, hüquqşünas alim İbrahim Quliyev və xalq şairi Nəriman Həsənzadə də olub.Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev görkəmli ədibin həyat və yaradıcılığına nəzər salaraq bildirib ki, Mir Cəlal Paşayevin bədii və elmi irsi, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında öz yeri var. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini öz nəsr əsərləri ilə daha da zənginləşdirib. Elmar Vəliyev vurğulayıb ki, həyatı boyu ədəbiyyatımızı tədqiq edən alim kimi Azərbaycan ədəbiyyatı nəzəriyyəsininin də yaradıcısı hesab olunur.Xalq şairi Nəriman Həsənzadə isə çıxışında diqqətə çatdırıb ki, bu gecədə iştirak etmək onun üçün şərəfdir. Şair bildirib ki, Mir Cəlal Paşayev onun müəllimi və elmi rəhbəri olub. Hazırda Azərbaycan ziyalılarının yarısı Mir Cəlalın tərbiyə elədiyi, dərs dediyi adamlardır. O, öz dövründə də, özündən sonra da gəncliyin tərəfində olub, Azərbaycan xalqına hələ də xidmət edir deyib.Azərbaycan elminin dühalarından olan Mir Cəlal Paşayevə həsr edilən xatirə gecəsi Gəncə Dövlət Kamera Orkestrının geniş konsert proqramı ilə davam edib.