Gəncədə “Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
Müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən konfrans Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhər İcra Hakimiyyəti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın İqtisadiyyat İnstitutu və AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı və təşəbbüsü ilə keçirilib. Beynəlxalq konfrans Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsini ziyarətlə başlayıb.
Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edərək deyib ki, Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Ulu öndərin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilmişdir. Bugünkü qüdrətli Azərbaycan ulu öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür məhrumiyyətlərə dözmək timsalına çevrilmişdir. 1993-cü ildən 2003-cü ilədək olan on il ərzində onun həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Ulu öndərin xilaskarlıq missiyasında ilk tədbiri xalqımızın siyasi varlığı üçün böyük təhlükə törədən, ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq oldu. Heydər Əliyevin özünün ən böyük azərbaycanlı adını 1990-cı ilin Yanvar hadisələri zamanı Moskva şəhərində Azərbaycan nümayəndəliyi qarşısında keçirilən böyük mitinqdə etdiyi tarixi çıxışı ilə təsdiq etmişdir.
Bu gün Azərbaycanın hər bir guşəsi böyük quruculuq işlərinin aparıldığı meydanlara çevrilmişdir. İndi Azərbaycanın şəhər və kəndlərinin siması tamamilə dəyişir, ölkə sanki yenidən qurulur, bu tikinti və abadlıq işləri ən yüksək səviyyədə, müasir dünya standartlarına uyğun həyata keçirilir. Bunu biz Gəncənin timsalında da aydın görürük.
Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən böyük irs isə müstəqil Azərbaycan dövlətidir. Bu dövlətin gələcək inkişafı, müstəqilliyinin əbədiliyi Heydər Əliyev ideyalarından güc alır və alacaqdır. Azərbaycan dövləti və xalqı yaşadıqca Heydər Əliyev xalqımızın yaddaşında və qəlbində yaşayacaqdır.
Konfransda Beynəlxalq Nizami Gəncəvi Mərkəzi idarə heyətinin üzvü Valdis Zatlers Heydər Əliyevlə görüşlərindən, Azərbaycan liderinin zəkası və fəaliyyətindən danışıb. Valdis Zatlers bildirib ki, hər bir xalq azru edər ki, Heydər Əliyev kimi bir prezidenti, rəhbəri olsun. Latviya respublikasının sabiq prezidenti Azərbaycana bir neçə dəfə səfəri çərçivəsində iki dəfə Gəncə şəhərinə səfər etdiyini və şəhərin həyatında baş verən inkişafda Heydər Əliyev siyasətinin yaşadığının şahidi olduğunu deyib. Latviyanın sabiq prezidenti Heydər Əliyev park-kompleksinə heyranlığını dilə gətirib və onu da qeyd edib ki, icra başçısı verdiyi vədi çox gözəl yerinə yetirib. Bu gün Heydər Əliyevin 91-ci ildönümü bu cür möhtəşəm bir mərkəzdə qeyd olunur.
Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov müasir informasiya və kommunikasiya texnologiyaları əsasında texnoloji proseslərin avtomatlaşdırılmasından danışıb. Professor rəhbərlik etdiyi ali təhsil ocağında texnoparkın yaradılması istiqamətində əməli addımların atıldığını da diqqətə çatdırıb.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri İltimas Məmmədov respublikada texnologiyanın inkişafı, elektron xidmətdən istifadə, İKT sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması, əhalinin genişzolaqlı internetə çıxışı, nazirliyin nəzdində texnoparklara kadr hazırlığı sahəsində aparılan məqsədyönlü işlərdən danışıb.
“Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxış edən Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Samir Vəliyev, Bonç-Bruyeviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetinin professoru, Rusdilli Akademik Əməkdaşlıq İcmasının və MMC-nin rəhbəri Gennadi Nikolayeviç Smorodin, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev, Kutaisi Dövlət Universiteti Departamentinin rəhbəri Nino Dalidze, Doğu Akdeniz Universiteti Türk Cümhuriyyətləri üzrə rektor müşaviri Orxan Həsənoğlu Azərbaycanda innovativ informasiya iqtisadiyyatının formalaşması xüsusiyyətləri və problemləri, Heydər Əliyev – bioloji müxtəliflik və ekoloji stabillik strategiyası, yeni müasir texnologiyaya əsaslanaraq iqtisadiyyatın qurulması, insan kapitalının fəallaşması, cəmiyyətin inkişafı, müxtəlif sahələrdə islahatların aparılması, neft və qeyri-neft sektorunda inkişaf kimi mövzularda çxışlar ediblər.
Sonda konfransın bəyannaməsi oxunub və qəbul olunub.