Şəhərimizdə “Gəncə Avropa Gənclər Paytaxtı 2016”-ya hazırlıq mərhələsində 8 günlük beynəlxalq təlimlərə başlanılmışdır
Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” Proqramının və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə “İctimai işlərdə aktivlik-vətəndaşlıq təhsili” adı altında keçirilən təlimlərdə iştirak edən Xorvatiya, Gürcüstan, Ukrayna, Latviya, Polşa, Çexiya, Almaniya, İtaliya, Rumıniya və Türkiyə Respublikalarından gəlmiş gənclər Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan dövlətinin mədəniyyəti, adət-ənənəsi və qədim Gəncə şəhəri haqqında məlumatlandırılacaq, ölkəmizlə daha yaxından tanış olacaqlar.
Bu münasibətlə “RAMADA” plaza otelində keçirilən toplantıda beynəlxalq təlimçi Sebastyan Şvaytser çıxış edərək Azərbaycana, eləcə də 2016-cı ildə Avropa Gənclər Paytaxtı olacaq Gəncəyə səfərindən razı qaldığını bildirmiş və 10 ölkədən gəlmiş gənclərin 2016-cı ildə Avropa Gənclər Paytaxtına hazırlıqla bağlı arzu və təkliflərini bildirmişdir. Qonaq Gəncədə gənclərin asudə vaxtlarının səmərəli keçirmələrində Heydər Əliyev parkında görülən işləri də yüksək dəyərləndirmişdir.
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Emin Vəliyev çıxış edərək Azərbaycanın yerli gənclər sektorunda tərəfdaşlıq və təşəbbüslər yaratmaq, Beynəlxalq əməkdaşlığı gücləndirmək və gələcək təşəbbüsləri inkişaf etdirmək məqsədilə keçirilən Beynəlxalq təlim kursunda irəli sürülən təkliflərə münasibətlərini bildirmişlər.
Sonda yerli və Avropa gəncləri nümayəndələrinin iştirakı ilə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təqdimatı keçirilmişdir.