Səyyar qəbul sakinlərin razılığına səbəb oldu
Ulu öndərin 1997-ci ildə imzaladığı «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanununu ilə tənzimlənən vətəndaşların şəxsi müraciət etmək hüququ Gəncədə çox uğurla təmin edilmişdir. İcra başçısının əhali ilə birbaşa təması adi hal almışdır. Belə ki, hər bir vətəndaş icra başçısı ilə görüşmək imkanı əldə edə bilir. Mütəmadi olaraq keçirilən qəbullar, o cümlədən səyyar qəbullar əhalinin razılığına səbəb olur. Bu ünsiyyətdən, bu təmasdan isə hər iki tərəf bəhrələnir. Şəhər rəhbərliyi vətəndaşını narahat edən məsələni yerindəcə öyrənir, sakinlər isə müraciətlərinin operativ surətdə həll olunmasından razı qalırlar.
Növbəti səyyar qəbul nümunəvi məhəllənin açılışı ilə birgə baş tutdu. Əvvəlcədən qeyd edək ki, Heydər Əliyev prospektindəki 9 mərtəbəli 90 nömrəli bina 96 mənzildən ibarətdir. Əvvəllər baxımsız vəziyyətdə olan binanın fasadı və dam örtüyü tamamilə yenidən qurulub. 6 blokda lift təsərrüfatı başdan-başa yenilənib, həyətyanı sahə asfaltlaşdırılıb. Ən müasir işıqlandırma sistemi qurulub, yaşıllaşdırma işləri aparılıb. Sakinlərin istirahəti üçün oturacaqlar qoyulub. Bütün bunlara baxmayaraq icra başçısı Elmar Vəliyev sakinləri dinləmək, onlarla yaxından təmas qurmaq üçün səyyar qəbul keçirdi.
İcra başçısı qəbula toplaşanları salamlayaraq şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışdı. Bildirdi ki, bu günlərdə Heydər Əliyev prospektindəki 68, 70, 72, 74 nömrəli binalarda və onların ərazisində aparılan abadlıq işləri başa çatacaqdır. Beləliklə, bu iş ardıcıl olaraq davam etdiriləcəkdir. «Şəhərin hər bir məhəlləsi, hər bir yaşayış sahəsi, binası abad olmalıdır» – deyən icra başçısı bütün bunların Prezident cənab İlham Əliyevin Gəncə və gəncəlilərə göstərdiyi qayğının, dəstəyin bariz nümunəsi olduğunu söylədi.
Binanın sakini Dursun Cəlilova söz alaraq öz qonşuları adından onlar üçün yaradılan şəraitə və quruculuq işlərinə görə Prezident İlham Əliyevə və şəhər rəhbərliyinə təşəkkürünü bildirdi. Bina sakini təqaüdçü-müəllim Qətibə Seyidova da bu nümunəvi məhəlləni qurub-yaradanlara təşəkkürünü bildirdi.
Qarabağ müharibəsi iştirakçısı Seymur Əliyev, jurnalist Qəzənfər Mehdiyev, təqaüdçü Parpar Babayeva Gəncənin bugünü ilə fəxr etdiklərini, az müddətdə illərə bərabər quruculuq işlərinin görülməsini gəncəlilərə göstərilən böyük qayğıdan xəbər verdiyini bildirdilər.
İcra başçısının insanlarla xoş ünsiyyət yaratmaq bacarığına, insanlara həssas münasibətinə bələd olanlar ürəklə, inamla arzu və istəklərindən söz açdılar. İkinci qrup Qarabağ müharibəsi əlili İmamverdi Verdiyevin yaşadığı evin dam örtüyü ilə bağlı problemi yerindəcə həllini tapdı. Torpaq sahəsinin ayrılması üçün müraciətlər nəzarətə götürüldü. İşlə bağlı müraciətlər cavabsız qalmadı. Çox maraqlıdır ki, artıq Gəncədə işıq, qaz və su ilə bağlı müraciətlər olmur. Çünki bu önəmli məsələ demək olar ki, öz həllini tapıb. İnsanların sosial məsələləri hər zaman şəhər rəhbərliyinin diqqət mərkəzində olduğu üçün gəncəlilər sosial məsələlərlə bağlı problem yaşamırlar. Bu isə özlüyündə çox müsbət bir hal kimi dəyərləndirilməlidir.
52 nəfər sakini səbr və səmimiyyətlə dinləyən icra başçısı yeni təmir olunmuş bloklara, liftlərə baxış keçirərək bildirdi ki, vətəndaşları narahat edən məsələlər bundan sonra da qətiyyətlə həll olunacaqdır.