Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

RESPUBLİKA GÜNÜ ŞƏHƏRİMİZDƏ DAHA BİR İSTİRAHƏT MƏRKƏZİNİN – İSTİQLAL PARKININ AÇILIŞI OLMUŞDUR

29 may 2014 | 15:00

           Gülüstan yaşayış sahəsində ərazisi 0.5 hektar olan parkda 15 ədəd müasir işıq dayaqları quraşdırılmış, 15 ədəd oturacaq qoyulmuş, 2 bulaq və bir fəvvarə inşa edilmiş, əraziyə 20 mindən artıq gül-çiçək, 320 ədəd ağac və gül kolu əkilmiş, 200 p/metr qranit pilləkən düzəldilmişdir. Parkın girəcəyində hündürlüyü 15 metr olan abidənin ətrafına 250 kv.metr qranitdən döşəmə salınmışdır. Abidənin postamentinə İstiqlal Bəyənnaməsinin mətni, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin cümhuriyyətlə bağlı fikirləri və Gəncədə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qəbul etdiyi qərarlar haqqında məlumat həkk olunmuşdur.

         Şəhər ictimaiyyəti nümayəndələrinin, eləcə də bu ərazidə yaşayan minlərlə sakinin toplaşdığı açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra abidə önünə əklil qoyulmuşdur. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay müddətində gördüyü böyük işlərdən danışmış, həmin dövrə nəzər salaraq bunu tarixi hadisə kimi səciyyələndirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün çox az olduğunu qeyd edən Elmar Vəliyev demişdir ki, Azərbaycan yalnız ikinci dəfə həqiqi müstəqilliyinə qovuşmuşdur ki, bu da görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Onun ikinci dəfə siyasi hakimiyyətə gəlməsi xalqı bütün bəlalardan qurtararaq ağ günlərə çıxarmışdır. İndi ulu öndər Heydər Əliyevin başladığı böyük işləri onun özü qədər inandığı varisi Prezident İlham Əliyev uğurla aparır. Ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan nəinki Qafqazda, eləcə də dünya birliyi ölkələri arasında böyük nüfuza  malikdir.
         Respublikamızda gedən sürətli inkişafı Gəncənin timsalında nümunə çəkən Elmar Vəliyev son bir neçə ildə şəhərdə görülən genişmiqyaslı abadlıq və quruculuq işlərini də mərasim iştirakçılarının diqqətinə çatdıraraq demişdir ki, dövlət başçısının diqqət və qayğısı ilə görülən genişmiqyaslı abadlıq işləri bundan sonra da sürətlə davam etdiriləcəkdir.
         Sonra AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, həmin universitetin professoru Həsənbala Sadıqov və başqaları çıxış edərək 1991-ci ildə bərpa edilən müstəqilliyimizin ilk illərində yaranmış çətinliklərin, eləcə də həmin dövrdə hökm sürən anarxiya və özbaşınalıqların qarşısının alınmasında Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən və bunun da sayəsində müstəqilliyimizin əbədi, daimi və dönməzliyinin təmin edilməsindən danışmışlar.
         Sonra parkda gəzinti olmuş, insanlar bu böyük quruculuqdan zövq alaraq ölkə başçısına, eləcə də bu işin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
         Axşamüstü Heydər  Əliyev parkındakı amfiteatrda böyük bayram konserti olmuşdur.

Keçidlər