BMT-NİN İNKİŞAF PROQRAMI MİLLİ MƏSLƏHƏTLƏŞMƏLƏRƏ ŞƏHƏRİMİZDƏN BAŞLAMIŞDIR
“RAMADA” plaza otelində “2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi.Vətəndaş Cəmiyyəti ilə dialoq:Gənclər” adı altında reallaşan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalovun, BMT-nin Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Antonius Brukun, BMT-nin İnkişaf Proqramının proqramlar üzrə meneceri Məzahir Əfəndiyevin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynovun çıxışları dinlənilib.
QHT-lərin, gənclər təşkilatlarının, hökumət qurumlarının, media nümayəndələrinin, eləcə də fəal gənclərin iştirakı ilə keçirilən tədbirdə qeyd edilmişdir ki, əsas məqsəd qazanılmış təcrübəni və ölkəmizin qarşısında duran məqsədləri nəzərə alaraq, keçirilmiş məsləhətləşmələrdə müəyyən olunmuş prioritetlər üzrə Azərbaycan vətəndaşlarının fikrini öyrənmək və təkliflər almaqdır.
Bildirilmişdir ki, Milli Müzakirələr Azərbaycanda ötən ildən etibarən keçirilir və 2015-ci ildən sonrakı qlobal inkişaf çərçivəsi üzrə milli məsləhətləşmələr BMT sistemi tarixində ilk dəfə olaraq Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən, fərqli yaş və sosial qruplardan olan insanlar arasında aparılmışdır. Azərbaycanın bir çox bölgələrində keçirilən milli məsləhətləşmələr nəticəsində toplanmış təkliflər “Azərbaycan 2020: Gələcəyə Baxış” adlı strateji konsepsiyadakı əks edilən milli prioritetlərə və BMT-nin 2016-2020-ci illəri əhatə edəcək proqramlaşdırma fəaliyyət sahələrinə uyğunlaşdırılmışdır. Həmin nəticələr 21 iyun 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Brukun həmsədrliyi ilə keçirilən konfransda təqdim edilərək nəzərdən keçirilmiş və təhlil edilmişdir. Həmin konfrans fikir mübadiləsi aparmaq üçün bir platforma kimi istifadə olunmuş və iştirakçılar Azərbaycan xalqının 2015-ci ildən sonra görmək istədiyi dünya ilə bağlı təkliflərini müzakirə etmişlər.
Çıxışlardan sonra gənclər və müxtəlif qurumların nümayəndələri öz fikirlərini bölüşmüş və müxtəlif təkliflərlə çıxış etmişlər. Dinlənilən bütün təkliflər qeydə alınmışdır ki, bu da milli məsləhətləşmələr üzrə yekun hesabata daxil ediləcəkdir.
Tədbirdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev BMT-nin Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Antonius Bruku, BMT-nin İnkişaf Proqramının proqramlar üzrə meneceri Məzahir Əfəndiyevi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynovu qəbul edib. Qəbulda BMT-nin İnkişaf Proqramları çərçivəsində keçirilən məsləhətləşmələrin əhəmiyyətindən danışılıb, bu sahədə gəncəli gənclərin fəallığı yüksək dəyərləndirilib.