Gəncə polisi peşə bayramını qeyd edib
Polis bölüyünün yaranmasından 80 il sonra həmin gün polislərin peşə bayramı kimi qeyd olunmağa başlayıb. Polis gününü, Ulu öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanına əsasən polislər bayram edir. Gəncə şəhər Baş Polis İdarəsinin şəxsi heyəti də bu günü təntənə ilə qeyd edib.
Gəncə polisi şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək Ümummilli Liderin əziz xatirəsini hörmətlə, ehtiramla anıblar. Gəncə şəhər Baş Polis İdarəsinin binasında keçirilən tədbirdə öncə Daxili İşlər Naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov cari ilin ilk 6 ayının göstəricilərinə nəzər salıb. Bildirib ki, hesabat dövründə qeydə alınan müxtəlif növlü cinayət hadisələrinin üstü 92 faiz açılıb. Gəncə polisinin avtomobil təsərrüfatı təzələnib və asayişin tam qorunması təmin olunur. Bundan başqa, Baş İdarənin Kəpəz rayon Polis İdarəsi və Nizami rayon Polis İdarəsi üçün yeni binalar tikilib və istifadəyə verilib.
Təbrik nitqi ilə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik edib və bundan sonra da, asayişin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib. İcra başçısı qanunun aliliyinin təmin olunması və ictimai asayişin qorunmasındakı xidmətlərinə görə bir qrup polis əməkdaşını Fəxri fərman və qiymətli hədiyyələrlə təltif edib.
Sonra Daxili İşlər Naziri Ramil Usubovun əmrinə və Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun imzaladığı daxili əmrə əsasən bir qrup polis əməkdaşı rütbə və döş nişanı ilə, bir aylıq əmək haqqı həcmində pul mükafatı və Fəxri fərmanla təltif olunublar.
Qeyd edək ki, bayram tədbirində Gəncə şəhərində fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərləri, şəhər ziyalıları və polis veteranları da iştirak edib.