Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Məhsəti Gəncəvi Mərkəzində qadın rəssamların əsərlərindən ibarət sərgi açılıb

12 iyul 2014 | 15:00

Şəhər ictimaiyyəti nümayəndələri 23 qadın rəssamın 110-dan artıq qrafika, yağlı və sulu boya, tikmə, eləcə də vitraj üsulla yaratdıqları əsərlərə, həmçinin dekorativ tətbiqi sənət nümunələrinə, xalça üzərində maraqlı kompozisiyalara  baxmışlar. Sərgidə rəssam Əminə Bağırovanın kətan üzərində yağlı boya ilə işlədiyi “Ana qayğısı”, Fərqanə Əliyevanın “Miniatür”, Gəncə dövlət rəsm qalereyasının rəhbəri Məhbubə Həsənovanın  ağac üzərində “Qədim Gəncə” və “Nizami Gəncəvi” əsərləri, Xatirə Bayramovanın toxuduğu “Allah böyükdür” xalçası və s. nümunələr tamaşaçılarda böyük maraq oyadıb.

Sərgi ilə tanışlıqdan sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini, professor Sevda Qurbanəliyeva mərasimi açıq elan edərək bildirib ki, şəhərin ictimai-mədəni həyatında qadınların rolu danılmazdır. Bu qəbildən olan sərgilərin təşkili məhz qadınların və onların tanınmasına xidmət edir.
Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir tədbirin keçirilməsini şəhər üçün əlamətdar hadisə adlandırıb və sərgidə nümayiş olunan əsərlərin müəlliflərini təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb. Şəhərin zəngin ictimai-siyasi və mədəni həyatından danışan icra başçısı tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ölkə başçısı İlham Əliyevin Gəncəyə və gəncəlilərə göstərdiyi qayğının nəticəsidir ki, son üç ildə şəhərin mədəni həyatında köklü dəyişikliklər olub. Heydər Əliyev Mərkəzi və park-kompleks yaradılıb, dahi söz ustası Nizami Gəncəvinin məqbərəsi yenidən qurulub, yaşıllıq sahəsi genişləndirilib, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, Müasir İncəsənət Muzeyi  inşa olunub. Gəncə Dövlət Filarmoniyasının binasında isə son tamamlama işləri görülür.
İcra Hakimiyyəti başçısı onu da  qeyd edib ki, bu qəbildən olan tədbirlər şəhərin digər muzeylərində də təşkil olunacaqdır. Məqsəd mədəniyyətimizi və incəsənətimizi təbliğ etmək, Gəncədə yaşayıb-yaradan istedadlı və bacarıqlı qadınları cəmiyyətə tanıtmaqdır.
Mərasimdə gənc rəssam Şəhla Məmmədova, rəssam Məhbubə Həsənova və başqaları çıxış edərək Gəncənin mədəni həyatında baş verən yeniliklərə, xalqımızın mədəni irsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Sərgidə əsərləri nümayiş etdirilən qadın rəssamlar üçün ən yaddaqalanı isə onlara, sənətə göstərilən yüksək diqqət və qayğı oldu. Belə ki, icra başçısı onların hər biri ilə söhbət edib, problemləri ilə maraqlanıb və köməklik göstəriləcəyini bildirib.
Sonda sərginin iştirakçıları olan qadın rəssamlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Sərgi iyulun 18-nə qədər davam edəcək.

Keçidlər