Şəhərimizdə daha bir piyada keçidinin açılışı olub
80-ci illərin əvvəllərində inşa edilən keçid son illər yararsız hala düşdüyündən demək olar ki, istifadəsiz qalmışdı. Şəhərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri çərçivəsində əsaslı təmir edilən keçidə Məhsəti Gəncəvinin adı verilib. Burada 4 tərəfli giriş və çıxışlarda görkəmli şairənin mozaika daşları ilə işlənmiş portretləri həkk olunub, nəzarət kameraları quraşdırılıb, xaricdə istehsal edilmiş mərmər və qranitdən istifadə olunmaqla üzlük çəkilmiş divarlarda şairənin rübailərindən nümunələr həkk edilib, əsərlərinə çəkilmiş illüstrasiyalar vurulub.
Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev keçidin əlamətdar bir gündə, ümummilli lider Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlişinin 45-ci ildönümü gününə təsadüf etdiyini diqqətə çatdıraraq demişdir ki, 1969-cu il iyulun 14-də – keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun iclasında ümummilli liderin Azərbaycana rəhbərliyə seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Dahi öndər ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Çağdaş tariximizin 45 ili ümummilli liderin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir.
İcra başçısı son 3 ildə Gəncədə aparılan abadlıq və quruculuq işlərindən, həmçinin bu sahədə görüləcək işlərdən danışıb.
Sonra həmin bölgədə yaşayan sakinlər, eləcə də Gəncə Dövlət Universitetinin müəllim və tələbələri çıxış edərək onların təhlükəsizliyinin təminatına yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Rəmzi lent kəsilib, iştirakçılar piyada keçidində əhalinin rahatlığı üçün yaradılan şəraitlə tanış olublar.