Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu

14 iyul 2014 | 15:00

Danılmaz bir həqiqətdir ki, müraciətlər cəmiyyətin rəyini öyrənməkdə, insanları narahat edən problemlərin həllində böyük rol oynayır. Sözsüz ki, ölkəmizin iqtisadi qüdrəti imkan verir ki, bütövlükdə cəmiyyəti narahat edən məsələlər əsaslı surətdə həll olunsun. Elə bunun bariz nümunəsi kimi iyunun 10-da baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında göstərilən dəstək və operativliyi qeyd etmək olar.

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev növbəti qəbulu bu yaxınlarda baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırıldığı məhəllədə keçirib.
Dövlət strukturlarının, eləcə də hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən bu səyyar qəbulda sakinlərin müraciətləri əsasən təbii fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılması, su təchizatı, insanların sağlamlığına qayğı və digər məsələlərlə bağlı olub.
Tağı Arani, İsaq Cəfərov və Dədə Qorqud küçələrinin sakinlərindən Həqiqət Qüreyşi, Aidə Haqverdiyeva, Simuzər Seyidova, Elfira Seyidova və başqaları təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması zamanı həyata keçirilmiş operativ tədbirlərə görə İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər.
Sakinlərdən İdris Əliyev bildirib ki, hazırda qəbulun keçirildiyi bu geniş sahə vaxtilə dəmir qarajların mövcudluğundan keçilməz bir vəziyyətdə idi. İndi gördüyünüz kimi uşaqlarımız bu geniş ərazidə əylənə bilirlər.
Mikrofona yaxınlaşan yeniyetmə Aysun Əhmədova bir qədər həyəcanlansa da, gördüyü münasibətdən ürəklənərək bildirdi ki, ötən səyyar qəbulda onun anasının işlə təminatı barədə müraciəti müsbət həll olunduğu üçün bacı və qardaşı adından təşəkkürünü çatdırmaq istəyir.
İcra başçısı sakinlərin müraciətlərini diqqətlə dinlədikdən sonra aidiyyəti üzrə idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verib. Qəbul zamanı vətəndaşların müraciətlərinə xüsusi diqqət və qayğı ilə yanaşılıb və böyük əksəriyyəti yerindəcə həllini tapıb.
Sonda Elmar Vəliyev qeyd edib ki, təbii fəlakət nəticəsində hər bir sakinə dəyən zərər tam şəkildə aradan qaldırılacaq, vətəndaşlar tərəfindən irəli sürülən arzu və təkliflər öz müsbət həllini tapacaq. İcra başçısı daha sonra bildirib ki, artıq ziyan dəymiş 70 binanın dam örtüyü əsaslı şəkildə yenidən qurulub. Fəlakət nəticəsində 50 dövlət müəssisəsinə ziyan dəyib. Həmin binaların da dam örtükləri yenilənəcək. Ümumilikdə fəlakət zamanı ziyan görmüş 350-yə yaxın hündürmərtəbəli yaşayış binası, 232 fərdi yaşayış evində komissiyanın rəyi əsasında bərpa işləri davam etdirilir.
İcra başçısı səyyar qəbulda Tağı Arani küçəsində salınması nəzərdə tutulan nümunəvi məhəllə və parkın layihəsini də sakinlərə təqdim edib. Elmar Vəliyev bildirib ki, boş ərazidə park salınacaq və burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaqdır.
Yeni layihə sakinlərin böyük sevincinə və alqışlara səbəb oldu.

Keçidlər