Lənkəranlı şagirdlər qədim Nizami yurdunda mehribanlıqla qarşılandılar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyada iştirak edən lənkəranlı şagirdlər avqustun 1-də Gəncədəki Heydər Əliyev parkındakı “Zəfər tağı”nın qarşısında mehribanlıqla qarşılandılar.
Aksiya iştirakçıları parkı gəzərək buradakı möhtəşəm Heydər Əliyev Mərkəzinə gəldilər. Ulu öndərin abidəsini ziyarət edən məktəblilər abidə önünə gül dəstələri qoydular. Sonra möhtəşəm Heydər Əliyev Mərkəzində görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən guşələrə baxdılar. Burada keçirilən görüşdə qədim Nizami yurduna səfər edən lənkəranlı şagirdlər bu aksiyanın təşkilatçılarına minnətdarlıqlarını ifadə etdilər. Bildirdilər ki, dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən bu aksiya yaşadıqları ölkənin hər bir regionu haqqında ətraflı məlumat toplamağa geniş imkan verəcəkdir.
Avqustun 1-də Gəncə ilə ətraflı tanış olacaq aksiya iştirakçıları 3 gün ərzində həmçinin Şəmkirin və Göygölün görməli yerlərində gəzəcək, qədim tarixi yerlərə və abidələrə baxacaq, bölgənin ictimai və mədəni həyatı haqqında geniş bilgilər əldə edəcəklər.
Qrupun rəhbəri Asif İmanlının sözlərinə görə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada iştirak edən lənkəranlı şagirdlərin qədim Nizami yurdunu görmək çoxdankı arzuları olub. Artıq onların arzuları gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu aksiyanın keçirilməsi barədə tapşırıq verərkən Lənkəran məktəblilərinin arzusunu gerçəkləşdirdi. Bütün bunlara görə aksiyada iştirak edən şagirdlər dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Tur-aksiyanın proqramı çox zəngindir. Şagirdlər aksiya zamanı respublikamızın Qərb bölgəsini görmək və geniş məlumat toplamaq, onun tarixini, mədəniyyətini, adət-ənənələrini, müstəqillik illərində əldə olunmuş nailiyyətlərini dərindən öyrənməyə nail olacaqlar. Onlar Gəncənin Tarix-Diyarşünaslıq, Nizami Gəncəvi Muzeylərində, Məhsəti Gəncəvi Mərkəzində, Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə-Kompleksində, İmamzadə ziyarətgahında, Nizami Gəncəvinin məqbərəsində olacaq, şəhərdə təşkil olunacaq gəzintidə iştirak edəcək, Cavad xan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, qədim qala divarlarına və çökək hamama baxacaqlar.
“Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici
tur-aksiya çərçivəsində Gəncədə olan lənkəranlı
müəllim və şagirdlərin ürək sözləri:
Məhərrəməli MİRZƏYEV, Lənkəran şəhər 4 saylı orta məktəb-liseyin fizika-riyaziyyat müəllimi. – Gəncəyə gəlişimdən çox razıyam. Ölkəmizin bir çox yerlərində olmuşam. Ancaq Gəncəyə ilk səfərimdir. Gəncə ilə yanaşı qərb bölgəsində yerləşən Şəmkirdə və Göygöldə də ekskursiyalar keçəcəyik. Söz yox ki, bu tanışlıq bölgə haqqında müəyyən təəssürat yaradacaq. Elə buna görə hər birimiz bu aksiyanın keçirilməsini tövsiyə edən dövlət başçımız cənab İlham Əliyevə minnətdarlıq edirik.
Nurlan ƏSGƏRLİ, Lənkəran şəhər 5 saylı məktəbin şagirdi – Gəncə şəhərinə təşkil olunan ekskursiyaya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Gəncə Azərbaycanın qədim şəhərlərindən biridir. Zəngin tarixi olan bu qədim şəhəri görmək böyük sevincdir. Burada olan tarixi abidələri ziyarət etmək, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini görmək hər bir azərbaycanlı üçün şərəfdir. Bütün bunlara görə dövlət başçımıza minnətdaram.
Dünya BAYRAMOVA, Lənkəran şəhər 4 saylı orta məktəb-liseyin şagirdi- 2012-ci ildə bir neçə xarici dövlətdə olmuşam. Mənə yaşadığım ölkə, onun bölgələri barədə dəfələrlə suallar ünvanlanmışdı. Təəssüflər olsun ki, Lənkərandan başqa heç yerdə olmadığım üçün Azərbaycanın şəhərləri haqqında verilən suallara cavab verməkdə çətinlik çəkdim. İndi isə Gəncə, Göygöl, eləcə də Şəmkir haqqında ətraflı məlumat toplayacağam. Bu imkanı mənə verən Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm.
Zəhra MƏMMƏDOVA, Lənkəran şəhər 10 saylı orta məktəbin şagirdi –Azərbaycan Respublikasının Prezidenti işinin gərgin olmasına baxmayaraq, biz gəncləri daim diqqət mərkəzində saxlayır. Xüsusilə gənc nəslin dünyagörüşünün formalaşması, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bir sıra layihələrin həyata keçirilməsində təşəbbüskarlıq edir. Bu günkü aksiya da belə layihələrdən biridir. Mən sevinirəm ki, respublikamızın bütün bölgələrində yaşayan şagirdlər digər bölgələrə getməklə zəngin məlumat əldə edirlər. Buna görə gənclərin yaxın dostu, onların qayğıkeşi olan Azərbaycan Prezidenti cənab İlham Əliyevə məktəbimizin bütün kollektivi adından minnətdarlığımı bildirirəm.