Lənkəranlı şagirdlərin Gəncəyə səfərlərinin ikinci günü də maraqlı və yaddaqalan olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində lənkəranlı sagirdlərin Gəncə ilə tanışlığı avqustun 2-də də davam edib. Şagirdlər dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Burada şagirdlərə böyük mütəfəkkir şairin həyat və yaradıcılığı, eləcə də məqbərə ətrafında aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Məqbərənin qarşısında ucaldılmış Nizami muzeyi ilə tanışlıqdan sonra məktəblilər xatirə şəkli çəkdiriblər.
Bakı istiqamətindən Gəncəyə girişdə ucaldılmış möhtəşəm qala muzey kompleksi də şagirdlər tərəfindən maraqla qarşılanıb. Onlar komplekslə tanış olduqdan sonra Gəncənin mərkəzində ucaldılmış Cavad xan türbəsini ziyarət edib, 17-ci əsr Şah Abbas məscidinə, Çökək hamama baxıblar. Bu tarixi abidələr haqqında geniş məlumat əldə edən şagirdlər Xan bağında istirahət edib, həmyaşıdları ilə maraqlı görüşlər keçiriblər.