Gənc həkimlər böyük uğurlar əldə edəcək
Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə AMEA-nın Gəncə Bölməsində gənc həkimlərin fəaliyyətinə geniş şərait yaratmaq, əhaliyə tibbi xidmətin səviyyəsini yüksəltmək məqsədilə həyata keçiriləcək layihələrin hazırlamasına dair bilik və bacarıqları təqdim edən seminar-treninq keçirilib.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev, gənc həkimlər, şəhərdə fəaliyyət göstərən QHT nümayən¬dələri və AMEA-nın elmi işçiləri iştirak ediblər.
Tədbiri Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva açaraq iştirakçıları salamlayıb. O, keçirilən tədbirin mahiyyətindən geniş söz açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim ölkənin sosial-iqtisadi, mədəni, turizm və digər sahələri ilə yanaşı, səhiyyənin də inkişafına xüsusi diqqət yetirir. Bu sahəyə göstərilən qayğı və həyata keçirilən tədbirlər, çoxşaxəli islahatlar öz müsbət nəticəsini verir və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti günbəgün artır. İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bir müddət əvvəl şəhərdə fəaliyyət göstərən gənc həkimlərlə görüşüb və əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək üçün təşəbbüskarlıq göstərməyi tövsiyə edib. Odur ki, səhiyyəmizin daha da inkişaf edərək böyük irəliləyişlər əldə etməsi üçün gənc həkimlərin üzərinə ciddi məsuliyyət düşür.
Daha sonra çıxış edən AMEA Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev təlimin AMEA-da keçirilməsindən məmnunluq hissi duyduğunu bildirib. Akademik AMEA-nın fəaliyyətindən və artıq bir neçə layihələrin qrant müsabiqədə qalib gəlməsindən danışaraq gənc həkimləri tədbirdə fəal olmağa çağırıb.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev çıxış edərək səhiyyənin bugünkü vəziyyətindən danışıb və onun inkişafı üçün görülən tədbirin mahiyyətini yüksək qiymətləndirib.
Tədbirdə səhiyyənin inkişafına dair videoçarx nümayiş etdirilib.
Daha sonra Dünya Gənc Alimlər Forumunun vitse-prezidenti, İsveç Kral Akademiyasının müxbir üzvü Elnur Həsənov layihənin hazırlanmasıyla bağlı tədbir iştirakçılarına qısa təlim keçib.
Tədbir diskussiya şəklində davam edib.