Xaçmaz və Qusardan olan məktəblilər Gəncədə
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən Xaçmaz və Qusar sagirdləri turun ikinci gününü bu qədim şəhərlə tanışlığa Nizami Gəncəvinin məqbərəsini ziyarətlə başladılar.
Dünya şöhrətli şairin yaradıcılığının daha dərindən öyrənilməsi və tədqiq olunması ilə bağlı vətəni Gəncədə həyata keçirilən tədbirlər barədə şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, şairin 870 illik yubileyi ərəfəsində Nizami Gəncəvinin məqbərəsi ətrafında yenidənqurma işləri aparılıb, qarşısında Nizami muzeyi inşa edilib. Dünyanın müxtəlif ölkələrinin arxiv və kitabxanalarında saxlanılan əlyazmalarının surəti vətənə gətirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edilib. Şairin “Xəmsə”sinə daxil olan beş əsəri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qardaş Türkiyə Respublikasında nəfis şəkildə çap etdirilib. Bundan başqa şəhərə giriş qapısından Gəncəyədək olan magistral yol boyu şairin əsərlərini əks etdirən möhtəşəm kitabələr inşa edilib.
Sonra şagirdlər məqbərəni ziyarət edərək, dahi şairin məzarı üstünə gül dəstələri düzüblər. Məqbərəni ziyarət edən Qusar şəhər 1 nömrəli məktəbin XI sinif şagirdi Lalə Ağadadaşova təəssüratını belə ifadə edir: “Mən özümü xoşbəxt hesab edirəm. Çünki böyük Nizami Gəncəvinin məqbərəsini ziyarət etdim və gördüm ki, həmyerliləri ona necə böyük məhəbbət göstərirlər. Bütün bunları, təəssüratlarımı sinif yoldaşlarımla bölüşəcəyəm”.
Məqbərənin ziyarətindən sonra Gəncənin Qala Qapıları – Arxeologiya və Etnoqrafiya muzeyi Abidə-Kompleksinə gələn Xaçmaz və Qusar şagirdlərinə Gəncənin tarixi ilə bağlı ətraflı məlumat verildi. Şagirdlər Azərbaycanın bu qədim şəhərinin tarixi ilə bağlı dəyərli eksponatlara baxdılar. Onları maraqlandıran suallar cavablandırıldı.
Tur-aksiya çərçivəsində qabaqcadan tərtib edilmiş proqrama əsasən şagirdlər İmamzadə ziyarətgahında, Cavad xan türbəsində, Şah Abbas məscidində, Çökək hamam tarixi memarlıq abidəsində oldular və bu abidələr haqqında ətraflı məlumat əldə etdilər.
Gəncəlilərin ən çox sevdikləri və istirahət etdikləri Xan bağı da şagirdlərdə xoş təəssürat oyatdı. Onlar burada həmyaşıdları ilə söhbətlər edərək özlərinə çoxlu dostlar qazandılar. 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilən gəncəli gəncləri təbrik edən məktəblilər bu qələbəni ölkə başçısı İlham Əliyevin Azərbaycan gənclərinə göstərdiyi qayğının nəticəsi kimi dəyərləndirdilər.
Qusar rayon Təhsil şöbəsinin metodisti, qrup rəhbəri Kamran Tahirov ürək sözlərini belə ifadə etdi: “Uşaqların bu sevincini başa düşmək olar. Çünki onlar heç vaxt yaşadıqları rayondan kənara çıxmayıblar. İndi Gəncə ilə tanışlıq hər kəsi sevindirir. Çünki şəhərlə tanışlıqla yanaşı, özlərinə çoxlu dost da tapdılar. Bu imkanı isə onlara möhtərəm Prezidentimiz İlham Əliyev verdi. Buna görə ölkə başçısına bütün tur-aksiyanın iştirakçıları adından minnətdarlıq edirəm”.
Avqustun 12-də Xaçmaz və Qusar məktəblilərinin Şəmkir və Göygölə ekskursiyaları davam edəcək.