Şabran və Siyəzən məktəbliləri Gəncə ilə tanışlığa Heydər Əliyev Mərkəzindən başladılar
Şagirdlərə ulu öndərin adını daşıyan parkda ucaldılmış mərkəzin iki ildir ki, fəaliyyət göstərdiyi və ən mötəbər tədbirlərin burada keçirildiyi bildirildi.
Sonra Gəncənin inkişafı ilə əlaqədar görülən işlər barədə şagirdlərə məlumat verildi. Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyev 12 dəfə Gəncəyə səfər edib və bu səfərlərin hər biri gəncəlilərə unudulmaz anlar yaşadıb. Şəhərdə 5 abad və müasir park, 5 muzey, bir neçə əzəmətli mərkəz inşa edilib ki, onlardan da biri Heydər Əliyev Mərkəzidir. Burada dahi şəxsiyyətin həyat və fəaliyyəti öyrənilməklə yanaşı, geniş təbliğat işləri də aparılır.
Sonra şagirdlər mərkəzlə tanış oldular, ayrı-ayrı guşələrdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxdılar.
Şabran rayon Təhsil Şöbəsinin aparıcı mütəxəssisi, qrup rəhbəri Fikrət Şamxalov mərkəzlə tanış olduqdan sonra heyrətini gizlətmədi: “Bu mərkəzin möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə açılışını televiziya vasitəsilə izləmişdim. Açığını deyim ki, gəlib öz gözlərimlə görəndə heyran oldum. Həqiqətən bura müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adına layiqdir. Mənə Gəncəyə gəlib belə bir möhtəşəm mərkəzi öz gözlərimlə görmək imkanı verən möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Siyəzən məktəblilərinin qrup rəhbəri əməkdar müəllim Cəfər Bağırov isə təəssüratını belə ifadə etdi: “Hər bir şəhərin girişi onun haqqında ilk təəssürat yaradır. Gəncəyə yaxınlaşarkən gördüyümüz mənzərə çox xoşumuza gəldi. Tarixlə müasirliyin qovuşduğu bu məkan həm insanların istirahəti, həm də öz keçmişini öyrənməsi üçün ideal bir yerdir. Daha sonra istinad divarları ilə müşayiət olunan Nizami Gəncəvinin məqbərəsinə yaxınlaşarkən qeyri-adi duyğular yaşadıq. Dünya poeziyası günəşinin uyuduğu bu məkan, sözün həqiqi mənasında şairə layiqdir. Bu şəhərin gecəsi də gündüzü qədər möhtəşəmdir. Gəncə şəhər rəhbərliyinin, gəncəlilərin bu sevgisi çoxlarına örnək ola bilər. Öz torpağını, yaşadığı şəhəri sonsuz məhəbbətlə sevənlər yalnız bu qədər fədakarlıq göstərə bilər. Yayın bu qızmar çağında park və xiyabanları bəzəyən yaşıllıqlar, güllər-çiçəklər insana zövq verir. Tanış olduğumuz, sorğu etdiyimiz hər kəs bu möhtəşəmliyə, bu gözəlliyə görə ölkə Prezidenti cənab İlham Əliyevə böyük minnətdarlıqlarını ifadə edirlər. Çünki Prezidentin qayğı və dəstəyi sayəsində Gəncə respublikanın, hətta regionun ən inkişaf etmiş şəhərinə çevrilib – deyirlər. Bu tanışlıq bizə bir dünya təəssürat, bir də tanış olduğumuz insanların xoş səmimiyyətini bəxş etdi.
Biz bu səfərimiz zamanı Gəncə ilə yanaşı Şəmkir və Göygöl rayonları ilə də yaxından tanış olduq. Bu imkanı bizə yaradan Prezident İlham Əliyevə minnətdarıq”.