19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunub
Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə Göygöl rayonunun “Xan yurdu” etnoqəsəbəsində 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, Cavad Xan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Türkiyənin Gəncədəki Baş Konsulluğunun nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan türkiyəli tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Baş Konsul Recep Öztop çıxışında hər il 19 may tarixində qeyd olunan “Atatürkü Anma, Gənclik və İdman Bayramı”nın tarixi əhəmiyyətindən bəhs edib. O bildirib ki, 1919-cu ilin 19 mayında Mustafa Kamal Atatürk Bandırma gəmisi ilə İstanbuldən yola çıxaraq Samsuna gəlib. Bu tarix Antanta dövlətlərinin işğalına qarşı başlanan Qurtuluş Müharibəsinin başlanğıcı kimi qəbul olunur və Atatürk tərəfindən gənclərə hədiyyə edilmişdir. Eyni zamanda, 19 may Türkiyə Cümhuriyyəti tarixində milli mübarizənin simvolu hesab olunur.
Müzadil Həsənov çıxışında tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinə toxunub. O əlavə edib ki, builki bayramın Gəncə yaxınlığında yerləşən “Xan yurdu” etnoqəsəbəsində keçirilməsi tədbirə xüsusi rəng qatıb və bu məkanın seçilməsi əlamətdar hadisədir.
Rəsmi hissədən sonra tədbir iştirakçıları etnoqəsəbəyə ekskursiya edərək, milli-mənəvi irsimizi əks etdirən məkanlarla tanış olublar.
Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.