“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Gəncədə Regional kompleks təlim proqramının təqdimatı keçirilib
Tədbirdən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar. Gəncə Şəhər İcra Hakimiyyətinin böyük salonunda keçirilən regional təlim proqramının təqdimatından əvvəl şəhərimizdəki Heydər Əliyev park-kompleksində görülən işlərdən və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin istismar üzrə müavini Köçərli Həsənov, “Birləşmiş sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Etibar Məmmədov və başqaları çıxış edərək həyata keçirilən kompleks təlim proqramının əhəmiyyətindən danışıblar.
Qeyd edilib ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin qarşısında duran kompleks tədbirlər planının, o cümlədən genişmiqyaslı layihələrin icrasında beynəlxalq təcrübələr, qabaqcıl texnologiyalar, müasir innovativ idarəetmə, informasiya resurslarından səmərəli istifadə əsas götürülür. Nəticədə görülən işlərin yüksək keyfiyyətlə icrası üçün nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnmiş peşəkar mütəxəssislərə ehtiyac yaranır. Elə bunu nəzərə alan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti mütəxəssisləri mütəmadi olaraq ölkə daxilində və xaricdə təşkil olunan təlimlərə cəlb edir. Bu məqsədlə 2013-cü ildə keçirilmiş 54 təlimdə cəmiyyətin 1102 mütəxəssisi iştirak edib. Onlardan 937 nəfəri daxili, qalanları isə Türkiyə, Avstriya, Filippin, Yaponiya və Sinqapurda təşkil olunmuş təlimlərdə iştirak edib. Gəncədə başlanan bu təlimlər həmin proqramın davamıdır və təlimlərə qərb bölgəsinin 11 rayonundan olan mütəxəssislər cəlb olunub.
Təqdimat mərasimində o da bildirilib ki, təlimlər interaktiv seminar və praktiki məşğələlər formatında həyata keçiriləcək. Təlimləri müvəffəqiyyətlə başa vuran dinləyicilər “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Daxili təlimçilərin təlimi” layihəsinin icrasına cəlb ediləcəklər.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi adından tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə xatirə hədiyyəsi Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalova təqdim olundu. Həmçinin İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov da şəhər rəhbərliyi adından qonaqlara hədiyyələr təqdim edib.
Proqramın təqdimatından sonra təlimlərə start verilib.