Gəncə Şəhər İcra Hakimiyyətinin iclas salonunda şəhər müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mərkəzi meydandakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Şəhər İcra Hakimiyyətinin iclas salonunda keçirilən konfransda dövlət himni səsləndirilib, Gəncə təhsilinin uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib. Sonra şəhər təhsil idarəsinin müdiri Zakir Hüseynovun ötən tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş məruzəsi dinlənilərək müzakirə edilib.
Məruzədə bildirilib ki, əvvəllər olduğu kimi keçən tədris ilində də ölkə başçısının diqqət və qayğısı sayəsində Gəncədə ümumtəhsil məktəblərində yeniləşmə prosesi uğurla davam etdirilib. Belə ki, 12, 25 və 31 nömrəli orta məktəblər əsaslı şəkildə təmir edilib, 16 və 32 nömrəli məktəblərdə yeni tədris korpusları inşa edilib, uşaq yaradıcılıq mərkəzinin yeni binası istifadəyə verilib. Cari tədris ilində isə 4, 26, 39 və 40 nömrəli məktəblər əsaslı təmirdən sonra istifadəyə veriləcəkdir. Hazırda 14, 41 və 44 nömrəli məktəblərdə təmir işləri sürətlə davam etdirilir, 39 nömrəli orta məktəbdə 1200 yerlik yeni tədris korpusunda son tamamlama işləri görülür.
Konfransda qeyd edilmişdir ki, dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Gəncənin təhsil işçiləri də hər il uğurlu göstəricilərə nail olurlar. Sevindirici haldır ki, bu il məktəbi bitirən 1827 məzundan 892 nəfəri ali məktəblərə daxil olub. Bunlardan 38 nəfəri xarici ölkələrin ali məktəblərində təhsil alacaqlar. Ümumilikdə ali məktəblərə daxil olan məzunların 179 nəfəri 500-dən yuxarı, 48 nəfəri 600-dən yuxarı, 14 nəfəri isə 650-dən yuxarı bal toplamışdır ki, bu da əvvəlki illərdən xeyli çoxdur.
Məruzəçi keçən tədris ilində qazanılan digər uğurları da diqqətə çatdıraraq bildirdi ki, istər fənn olimpiadalarında, istər yazı inşa müsabiqələrində, istərsə də idman sahəsində bir sıra nailiyyətlər qazanılıb.
Konfransda ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyanın əhəmiyyəti barədə də fikirlər səsləndirilib və məktəblilərdə vətənpərvərlik hissinin yüksəldilməsində bu aksiyanın əhəmiyyəti vurğulanıb.
Sonra AMEA-nın Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyev, 39 nömrəli məktəbin direktoru Nizami Rzayev, 4 nömrəli orta məktəbin əməkdar müəllimi Yeganə Səfərova, 27 nömrəli orta məktəbi qızıl medalla bitirmiş və 679 balla Ali Neft Məktəbinə daxil olmuş Ayaz Səmədli, test imtahanlarında 682 bal toplamış 16 nömrəli məktəbin məzunu Kamil Ələkbərovun valideyni Könül Əhmədova, 19 nömrəli məktəbin tarix müəllimi Dilbər Rəhimova və başqaları çıxış edərək gənc nəslin təlim-tərbiyəsinə daim diqqət yetirən və onların bilikli və savadlı yetişməsi üçün hər cür diqqət və qayğı göstərən dövlət başçısı İlham Əliyevə, eləcə də Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra təhsil nazirinin müavini Ceyhun Bayramov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 2013-2014-cü tədris ilində qazanılan uğurlardan, eləcə də təhsilin səviyyəsinin yüksəldilməsi yollarından danışıblar.
Konfransda 650-dən yuxarı balla tələbə adını qazanmış gənclərə qiymətli hədiyyələr təqdim olunub. Təltif olunanların sırasında M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin məzunu Hüseynov Rüfət İlham oğlu da vardı. O, Çində keçirilən yeniyetmələr arasında II Yay Olimpiya oyunlarında boks üzrə olimpiya çempionu olub və qızıl medal qazanıb.
Sonda konfrans iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olunub.