Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycanda “EKO Rəsm Gündəliyi 2014” beynəlxalq müsabiqəsinin milli mərhələsinə start verildi

09 sentyabr 2014 | 15:00

Bu münasibətlə sentyabrın 9-da Gəncədəki Heydər Əliyev mərkəzində yarışmanın elan olunması ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva açaraq müsabiqənin əhəmiyyətindən danışıb. Sonra Bakı Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr üzrə departamentinin direktoru Vüqar Məmmədov, İDEA-nın meneceri Ayşən Quliyeva və Yaponiyanın Panasonic Şirkətinin MDB üzrə  nümayəndəsi Alisa Lavrentyeva çıxış edərək həyata keçirilən bu beynəlxalq layihədə Azərbaycan məktəblilərinin uğurlu iştirakından danışmış və bu ilki müsabiqənin şərtləri barədə ətraflı məlumat vermişlər.
Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan 2013-cü ildən bu müsabiqəyə qoşulub. Yerli məktəblilər UNESCO-nun himayəsi altında, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Panasonic Marketinq MDB-nin dəstəyi ilə bu yarışmada iştirak edirlər.
Gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin formalaşdırılması, təbiətin və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşdırılması, ekoloji problemlərin həllinə yönələn fəaliyyətə uşaqların cəlb olunması məqsədilə həyata keçirilən layihənin təqdimatı zamanı qeyd edilib ki, müsabiqə Bakı və Gəncə şəhərlərini əhatə edir və sentyabrın 15-16-da şagirdlərə 5000 ədəd xüsusi “Eko Gündəlik” paylanacaqdır. Müsabiqədə ümumtəhsil məktəblərinin aşağı (6-11 yaş arası) və orta (12-15 yaş arası) yaş qruplarını təmsil edən şagirdlər iştirak edəcəklər. İştirakçılar 3 günə bölünmüş “Eko Gündəlik”də ekologiyaya dair rəsm çəkməli və onun ideyasının qısa təsvirini mətndə əks etdirməklə sentyabrın 25-dək təhvil verməlidirlər.  
Tədbirdə o da bildirilib ki, təqdim edilən “Eko Gündəlik”ləri İDEA, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, UNESCO, Panasonic Marketinq MDB, KİV və QHT nümayəndələ¬rin-dən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir. Final mərhələsinə vəsiqə alan 20 (hər yaş qrupu üzrə 10) nəfər mükafatlandırılacaq. Finalçılardan bir nəfər milli qalib elan olunacaq və onun “Eko Gündəliy”i layihənin beynəlxalq münsiflər heyətinə göndəriləcək. Bununla da bütün ölkələrin milli qalibləri arasında ən yaxşı “Eko Gündəlik”lər seçiləcək.
Xatırladaq ki, 6 ildir ki, keçirilən və 50-dən çox ölkənin iştirak etdiyi yarışmanın keçən ilki milli mərhələsində 3032 məktəbli iştirak edib. Bakı Avropa liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov milli qalib seçilib.

Keçidlər