Gəncə ilə Şuşa məktəbləri qardaşlaşdılar
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşan məktəblər” layihəsi çərçivəsində Gəncədəki 43 nömrəli tam orta məktəblə Şuşanın Malıbəyli kənd orta məktəbi arasında memorandum imzalanıb.
Heydər Əliyev Mərkəzinin qarşısında mehribanlıqla qarşılanan Şuşanın Malıbəyli kənd orta məktəbinin müəllim və şagirdləri əvvəlcə mərkəzdə ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən guşələrə baxmış, burada həyata keçirilən tədbirlərlə yaxından tanış olmuşlar. Sonra YAP Gəncə şəhər təşkilatında hər iki məktəbin müəllim və şagirdləri arasında görüş keçirilib. Görüşdə layihənin əhəmiyyətindən danışan Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Ceyhun Musaoğlu bildirib ki, fond il boyu müxtəlif bilik proqramları həyata keçirir. İl boyu keçiriləcək “Qardaşlaşan məktəblər” layihəsi də belə tədbirlərdəndir. Ümumilikdə 20 məktəbin qardaşlaşması nəzərdə tutulub. Hələlik bunlardan 12-si layihəyə qoşulub. Layihənin həyata keçirilməsində əsas məqsəd respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən məktəblər arasında əlaqələr qurmaq, qabaqcıl təcrübəni mənimsəmək, həmçinin müxtəlif idman yarışları, bayram tədbirləri, eləcə də “dəyirmi masa”lar keçirməklə əlaqələri genişləndirməkdir.
“Qardaşlaşan məktəblər” layihəsi çərçivəsundə imzalanan memorandumdan sonra hər iki məktəb kollektivi birgə xatirə şəkli çəkdiriblər.