Azərbaycan Dövlət Aqrar Universitetinin 85 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb
Sentyabrın 22-də Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetin 85 illiyinə həsr olunmuş “Müasir aqrar elm:Qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
Azərbaycan Respiblikası Kənd Təsərrüfatı Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkil etdikləri konfransda 11 xarici dövlətdən 34 nəfər nümayəndə olmaqla, ümumilikdə 300 nəfər iştirak edir. İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısına gələrək ulu öndərin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildirmişlər. Sonra mərkəzdə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin müxtəlif anlarını əks etdirən foto-şəkillərə baxmışlar.
Konfransı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Macarıstan, Sloveniya, Gürcüstan, Norveç, Portuqaliya, Fransa, eləcə də respublikamızın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən nümayəndələri salamlayaraq, Azərbaycanda son illər aqrar sahədə aparılan islahatların verdiyi uğurlardan danışıb.Qeyd edib ki, 1969-cu ildə respublikamıza hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyevin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.Xüsusilə bu sahənin ixtisaslı kadrlarla təmin olunması üçün Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetirib.Nəticədə ölkənin aqrar elminin inkişafı dünya səviyyəsinə yüksəlib.
Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Rəsul Balayev nazir Heydər Əsədovun konfrans iştirakçılarına təbrikini oxuduqdan sonra Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Anar Hətəmovun universitetin 85 il keçdiyi şərəfli yoldan bəhs edən məruzəsi dinlənilib.
Sonra ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoost, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Türkiyənin Kastamonu Universitetinin rektoru, professor Aydın Seyit, Timiryazev adına Rusiya Kənd Təsərrüfatı Akademiyasının rektoru Vladimir Neçayev, Təhsil Nazirliyinin şöbə müdiri Əfqan Abdullayev və başqaları çıxış edərək Azərbaycan Dövlət Aqrar Universitetinin 85 illik yubiley münasibətilə kollektivi təbrik etmiş, nəinki Azərbaycanın, eləcə də dünya aqrar elminin inkişafında göstərdikləri xidmətlərdən danışıblar.
Sentyabrın 24-dək davam edəcək konfrans çərçivəsində iştirakçılar univeritetin qapalı balıqçılıq və quşçuluq mərkəzlərində, müasir informasiya texnologiyaları ilə təchiz edilmiş tədris korpuslarında, eləcə də Gəncənin tarix-memarlıq abidələri və abadlıq-quruculuq işləri ilə yaxından tanış olacaqlar.