Gəncədə 26 saylı orta məktəb-lisey kompleksi əsaslı təmirdən sonra istifadəyə verilib
Dövlət başçısı cənab İlham Əliyevin ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq son üç ildə Gəncədə 30 orta məktəb binası yüksək standartlara uyğun yenidən qurulub və lazımi avadanlıqla təchiz edilib. Məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib.
Gəncədə başdan-başa yenilənən məktəblərin sırasına daha biri də əlavə olundu. 26 saylı məktəb-lisey kompleksi əsaslı surətdə yenidən qurularaq yeni dərs ilinin ilk günlərində qapılarını müəllim və şagirdlərin üzünə açdı.
Təntənəli mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edirdilər.
Mərasimi giriş sözü ilə açan İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva dedi ki, son bir neçə ildə şəhərimizdə 30 məktəbin yenidən qurulmasını və əsaslı surətdə abadlaşdırılmasını bu gün inkişafda olan Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət ayrıldığının bariz nümunəsi kimi dəyərləndirmək lazımdır.
Məktəb-lisey kompleksinin direktoru Valeh Rüstəmov çıxışında bildirdi ki, məktəb-liseydə hazırda 960 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 100 nəfər müəllim və 12 nəfər köməkçi, pedaqoji heyət məşğul olur. Məktəbin bu ilki məzunlarından 2 nəfəri 600-dən, 6 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Məzunlar arasında Heydər Əliyev adına Milli Təhlükəsizlik Akademiyasına, Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olanlar da vardır.
Valideyn Naibə Ağayeva və 11-ci sinif şagirdi Aytac Mürsəlova belə bir gözəl məktəb binasının yüksək səviyyədə yenidən qurulub istifadəyə verildiyi üçün ölkə başçısına və şəhər rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Mərasimdə çıxış edən şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev bildirdi ki, ölkəmizin uğurlu gələcəyi cəmiyyətin intellektual potensialından asılıdır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, hansı ölkədə təhsilə, elmə, texniki tərəqqiyə diqqət verilir, həmin ölkələr inkişaf edir. Azərbaycanda isə sosial sferaya, təhsil sahəsinə diqqət daim yüksək səviyyədədir. Təhsil prosesinin keyfiyyəti çox önəmlidir. Müəllimlərin hazırlığı vacib məsələdir. Əlbəttə, elmə, təhsilə göstərilən diqqət mütləq öz bəhrəsini verəcəkdir. Dövlət başçısının ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq şəhərimizdə də təhsil ocaqları yenidən qurulur və zəruri avadanlıqlarla təmin edilir.
İcra başçısı onu da qeyd etdi ki, Dövlət Proqramına uyğun olaraq 2015-ci ilin sonuna kimi Gəncədə bütün məktəblər əsaslı şəkildə yenidən qurularaq istifadəyə veriləcəkdir. Dövlət Proqramına uyğun olaraq 4 nömrəli məktəb üçün 1000 yerlik əlavə korpusun inşası başa çatıb, 39 nömrəli məktəb üçün 1200 yerlik yeni tədris korpusunda inşaat işləri davam edir, 40 nömrəli məktəbin binası isə yeni görkəmə salınır.
Rəmzi qırmızı lent kəsildikdən sonra Elmar Vəliyev və ictimaiyyətin nümayəndələri sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kitabxana, idman zalı, psixoloq və tibb otağı ilə tanış olmuşlar.
Qeyd edək ki, təhsil ocağının həyətində də abadıq və quruculuq işləri görülüb. Məktəbin açıq futbol, voleybol və basketbol meydançaları da vardır.