Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə əvvəlki illərdə olduğu kimi cari ilin 9 ayını da uğurla yola saldı

21 oktyabr 2014 | 15:00

9 ayın yekununa həsr olunmuş hesabat yığıncağı Gəncə və gəncəlilər üçün əlamətdar olan tarixi hadisə – Prezident cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın bu qədim şəhərə 13-cü səfərindən sonrakı günə təsadüf etmişdir.
Gəncəlilərin fərəhi müqayisəyəgəlməzdir. Çünki Prezident hər səfərində olduğu kimi, mühüm sənaye və mədəniyyət obyektlərinin, «Stadler» Gəncə vaqon istehsalı zavodunun, Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak etmişdir. Prezident və xanımı 4 nömrəli tam orta məktəbin və 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edərək qırmızı lenti kəsmiş, «İmamzadə» dini-tarixi kompleksdə və Gəncə Dövlət Filarmoniyasında aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olmuş, işlərin uğurla yekunlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.
Hər zaman Gəncəyə böyük diqqət və qayğı göstərən Prezident cənab İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü və ardıcıl siyasəti nəticəsində son illər şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində müşahidə olunan inkişaf dinamikası cari ilin 9 ayında da qorunub saxlanılmış və bir sıra yüksək göstəricilər əldə olunmuşdur.
Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağında bütün bunlar barədə ətraflı söhbət aparılmış, görülən işlər nəzərdən keçirilərək, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev demişdir ki, 2014-cü ilin 9 ayında şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 315,7 manat, 2013-cü ilin müvafiq dövründə isə 294,9 manat təşkil etməklə 7,0 faiz artmışdır.
Yerli biznes mühitinin inkişafı üçün şəhərdə yaradılmış əlverişli şərait özəl subyektlərin say tərkibinin davamlı artımını təmin etmişdir. Şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi məhsulun formalaşmasında aparıcı sahələrdən olan tikinti kompleksi şəhər iqtisadiyyatının digər sahələri kimi davamlı inkişaf etmişdir.
2014-cü ilin 9 ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin səviyyəsini \8,7 faiz üstələmişdir. Bu müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri inşaat işlərinin həcmi 11,3 milyon manat olmuşdur.
İcra başçısı diqqətə çatdırmışdır ki, əvvəlki aylarda olduğu kimi cari ilin 9 ayında da şəhərdə aparılan abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Gənclərin və gəncəlilərin sevimli məkanına çevrilmiş ulu öndər Heydər Əliyevin adını daşıyan park-kompleksdə 4 min kvadratmetr ərazidə əyləncə mərkəzinin və qış parkının tikintisi davam etdirilmişdir. Ölkə başçısının xeyir-duası ilə təməli qoyulmuş Gəncə Dövlət Filarmoniyasının inşası sürətləndirilmiş, Gəncə Olimpiya Parkının tikintisi davam etdirilmişdir. Orta əsr Azərbaycan memarlığının qiymətli incisi olan «İmamzadə» dini-memarlıq kompleksinin təmiri, bərpası sürətləndirilmiş, ətrafında abadlaşdırma işləri aparılmışdır. Atatürk prospektində inşa edilən 50 mənzilli yaşayış binasının istifadəyə verilməsinə az qalır. Yeni inşa edilən şəhər Təhsil idarəsi üçün inzibati binanın tikintisi başa çatdırılmış, Mərkəzi Bankın Gəncə filialı, eləcə də Kəpəz rayon Polis idarəsi üçün inşa edilən inzibati binaları istifadəyə verilmişdir. Bundan başqa şəhər ərazisində yerləşən park və xiyabanların əsaslı şəkildə yenidən qurulması, həmçinin yaşıllıqların salınması davam etdirilmişdir.
Sonra çıxışlar olmuş, şəhərin sosial-ictimai həyatında fərqlənənlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur. 9 ayın sosial-iqtisadi yekunları bunu söyləməyə əsas verir ki, Gəncədə bütün sahələrdə uğurlu inkişafa nail olunmuşdur.

Keçidlər