22 İyul – Milli Mətbuat və Jurnalistika Günü ilə bağlı təbrik
22 iyul 2022 | 14:39
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü ilə bağlı təbrik ünvanlayıb. Təbrikdə deyilir:
"Bu gün milli-mənəvi dəyərlər və bəşəri prinsiplər əsasında qurulan milli mətbuatımızın yaranmasından 147 il ötür. Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımız çətin və şərəfli yol keçib. Milli oyanışın yeni mərhələsini təmsil edən "Əkinçi" qəzetinin nəşri ictimai fikrin canlanmasına, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə bir başa təsir göstərib. O vaxtdan etibarən Azərbayan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Ulu öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı milli mətbuatımızın inkişafına xüsusi təkan verib. 1998-ci ildə Ümummilli Lider tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyulub. Ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçışı, möhtərəm Prezident İlham Əliyev tərəfindən də ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ölkə rəhbəri milli medianın inkişafını prioritet istiqamətlərdən biri kimi qəbul edir və daim diqqət mərkəzində saxlayır.
Ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin rolu böyükdür.
Əziz jurnalistlər, hörmətli media nümayəndələri,
Sizi, peşə bayramınız olan "22 İyul – Milli Mətbuat və Jurnalistika Günü" münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzulayıram. Gəncə şəhərinin ictimai-siyasi həyatında baş verənlərin dəqiq, qərəzsiz və operativ şəkildə işıqlandırılmasında səmərəli fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşlarına dərin təşəkkürümü bildiriləm. 44 günlük Vətən müharibəsində öz həyatlarını təhlükə altına ataraq, Azərbaycanın haqq səsini dünyaya çatdıran media nümayəndələrinə dərin minnətdarlığımızı bildirir, şəhid olanlara Allahdan rəhmət diləyirik.
"Milli Mətbuat Günü"nüz mübarək!"