Gəncədə M.Ş.Vazeh adına keçidin açılışı olub
Bu gün Gəncədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mərkəzində insan amili, insana qayğısı dayanır. Gözəllik, abadlıq, səliqə-sahman, hər nə varsa insanların rahatlığı, əhval-ruhiyyəsinin yüksəlişi, işgüzarlığının artmasına xidmət edir. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrini çevik və peşəkarlıqla həyata keçirən şəhər rəhbərliyi gəncəlilərin böyük etimadını qazanmışdır. Çünki verilən söz bütöv, görülən iş mükəmməl, insana qayğı sonsuzdur.
Oktyabrın 18-də Prezident İlham Əliyevin və xanımı UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Gəncəyə tarixi səfərlərinin fərəh və qürurunu yaşayan sakinlər daha bir əlamətdar hadisəni sevinclə qeyd edərək sayca 3-cü yeraltı keçidin istifadəyə verilməsi mərasiminə toplaşmışdılar. Texnologiya Universitetinin qarşısında yerləşən keçidin açılış mərasimində çıxış edən Elmar Vəliyev, ölkə başcısı cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə böyük qayğısından, Prezidentin Gəncəyə tarixi 13-cü səfəri çərçivəsində yeni, mühüm sosial-mədəni obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirakından, şəhər sakinlərinin firavanlığının və rahatlığının təmin olunmasından, son illər qazanılan uğurlardan söhbət açmışdır. İcra başçısı bildirmişdir ki, bu yaxınlarda müasir standartlara uyğun təmir edilərək istifadəyə verilən şairə Məhsəti Gəncəvinin adını daşıyan keçid həmin ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmişdir. Açılış mərasiminə toplaşdığımız və sayca 3-cü olan yeni keçid isə görkəmli maarifçi Mirzə Şəfi Vazehin adını daşıyır. Bu keçid həm sakinlərin, həm də Texnologiya Universitetinin kollektivi üçün rahatlığın və təhlükəsizliyin təminatçısı olacaqdır.
Mərasimdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov, dosent Yusif Yusifəliyev, məhəllə sakini Fazil Nağıyev, tələbə Təranə Hüseynova və başqaları çıxış edərək onlara göstərilən qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və şəhər rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev keçidin açılışı münasibəti ilə bütün gəncəliləri təbrik edərək qırmızı lenti kəsmişdir.
Keçid sözün həqiqi mənasında bir gözəllik tablosuna bənzəyirdi. İncə zövqlə, peşəkarlıqla işlənmiş hər detal ümumi ansamblı tamamlayır, Mirzə Şəfi Vazehin divar üzərində yaradılmış portreti, digər rəsmlər diqqəti cəlb edir. Ən başlıcası burada olan suvenirlər mağazası milli-mənəvi dəyərlərimizin təbliğinə, keçmişimizin, bu günümüzün müxtəlif əşyaların timsalında təqdim olunmasına xidmət göstərir.
Sakinlər bütün bu gözəllikləri minnətdarlıq duyğusu ilə seyr etmişlər.