Əskişəhər valisi Gəncəyə səfər etmişdir
Ötən il Gəncə ilə Türkiyənin qədim şəhərlərindən olan Əskişəhər arasında qardaşlaşmış şəhərlər protokolu imzalanmışdır. İki şəhər arasında əlaqələri daha da möhkəmləndirmək məqsədilə bu gün Əskişəhər valisi Güngör Azim Tunar və başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər etmişdir. Bu ölkənin Gəncədəki baş konsulu Orhan Işıkın da iştirk etdiyi nümayəndə heyəti ilə şəhər İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Əskişəhər valisinin Gəncəyə səfərindən məmnun olduğunu bildirmiş və Azərbaycanın ikinci böyük şəhəri haqqında, onun iqtisadiyyatı, mədəniyyəti, eləcə də ölkə başçısının diqqət və qayğısı ilə burada aparılan böyük abadlıq və quruculuq işləri barədə qonaqlara məlumat vermişdir. İcra başçısı bildirmişdir ki, Gəncənin güclü sənaye və elmi potensialı vardır. Şəhər tarixini saxlamaqla sürətlə müasirləşir. 150-ə yaxın tarixi abidə yenidən bərpa edilmişdir. Gəncə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Gəncə şəhəri 2016-cı il üçün Avropanın Gənclər paytaxtı seçilmişdir. Elmar Vəliyev təhsilin, səhiyyənin, eləcə də mədəniyyətin inkişafı sahəsində görülən işləri diqqətə çatdırmışdır.
Türkiyənin Əskişəhər valisi Güngör Azim Tunar Gəncəyə səfərindən razı qaldığını bildirmiş və 1 milyona yaxın əhalisi olan Əskişəhər haqqında geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, sahəsi 2 milyon 678 kvadratmetr olan Əskişəhər həm də tarixi abidələrlə zəngindir. Bu gün Türkiyənin ən inkişaf etmiş şəhərlərindən olan Əskişəhərdə əhalinin məşğulluğu üçün çoxlu sayda sənaye müəssisələri fəaliyyət göstərir. Şəhər həm də böyük turizm potensialına malikdir və hər il yüz minlərlə xarici turist bu qədim şəhərə gəlir, onun görməli yerləri ilə yaxından tanış olur. Məhz bunun nəticəsidir ki, 2013-cü ildə Əskişəhər Türk Dünyasının mədəniyyət paytaxtı seçilmişdir.
Əskişəhər valisi Güngör Azim Tunar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi gələn ay qədim şəhərdə keçiriləcək beynəlxalq simpoziuma dəvət etmişdir.
Görüşdə çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Orhan Işık hər iki şəhər arasında əlaqələrin möhkəmlənməsində əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Türkiyənin Əskişəhər valisi Güngör Azim Tunara xatirə olaraq Məhsəti Gəncəvinin nəfis portreti olan xalça və qiymətli hədiyyə təqdim etmişdir.