Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərindəki M.H.Şəhriyar adına 40 nömrəli tam orta məktəb əsaslı surətdə təmir olunaraq istifadəyə verildi

08 noyabr 2014 | 16:00

1962-ci ildə tikilib istifadəyə verilən 40 nömrəli tam orta məktəb inşa edildiyi gündən bir dəfə də olsun əsaslı təmir olunmayıbdır. Bu təhsil ocağında çalışan müəllim heyəti və şagirdlər üçün bütün çətinliklər artıq arxada qalıb. Məktəb əsaslı surətdə təmir olunub, bərk inventar və müasir avadanlıqlarla, eləcə də istilik sistemi ilə təmin olunaraq istifadəyə verilibdir. Bu münasibətlə keçrililən təntənəli mərasimi giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva respublikanın hər yerində olduğu kimi Gəncədə də orta məktəb binalarının yüksək standartlara uyğun şəkildə yenidən qurulması və lazımi avadanlıqlarla təchiz edilməsindən, dövlətin təhsil sahəsində diqqət və qayğısından danışıb. Sonra məktəbin direktoru İradə Səfərova, tarix müəllimi Gülarə Hüseynova məktəb valideyn şurasının sədri Bayram Bağırov, 8-ci sinif şagirdi Jalə Veysova çıxış ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məktəbin açılışı münasibətilə müəllim və şagird kollektivini təbrik edib. Elmar Vəliyev təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərdə aparılan əsaslı təmir-bərpa işlərindən danışıb. İcra başçısı təhsildə qazanılan uğurları ölkə başçısının bu sahəyə diqqət və qayğısı kimi dəyərləndirib, məktəblərdə informasiya-kommunikasiya texnologiyaları tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini diqqətə çatdırıb. Həmçinin məktəbin təmir və bərpa işlərindən xüsusilə fərqlənən inşaatçılara fəxri fərman və hədiyyələr təqdim edib.
Açılışı bildirən rəmzi qırmızı lenti kəsən Elmar Vəliyev ən müasir səviyyədə qurulmuş sinif otaqları, fənn kabineti, iclas zalı və qapalı idman zalına baxıb, şagirdlərə tövsiyələrini verib.
Qeyd edək ki, məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 46 nəfər pedaqoji və 13 nəfər texniki işçi məşğul olur. Məktəbin məzunlarından 2 nəfəri «qızıl medala», 2 nəfəri isə Prezident təqaüdünə layiq görülüb. Hazırda məktəbi bitirənlərin 10 nəfəri öz doğma məktəbində işləyir.

Keçidlər