Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin 10 yaşı tamam oldu
Əsası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulan, lakin sovetlər birliyinin dağılması ilə tikintisi yarımçıq qalan Gəncə Avtomobil zavodu Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2004-cü ilin dekabrında işə salınmışdır. 10 yaşı tamam olan müəssisə bu müddət ərzində Rusiyanın Naberejneye Çelnı şəhərində yerləşən azlitrajlı avtomobil zavodu «UAZ» ASC, eləcə də Belorus respublikası və Almaniyanın «Haller» şirkətləri ilə bağladıqları müqavilələrə əsasən xeyli sayda «OKA», müxtəlif markalı traktor, «MAZ» avtomobilləri, ekskovator, asfaltkəsən, qartəmizləyən, avtokran, traktor qoşqusu və asma avadanlıqlar istehsal edibdir.
2011-ci ildən sonra isə müəssisə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinə çevrilmişdir.
Müəssisənin 10 yaşının tamam olması münasibətilə keçirilən təntənəli mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Belorusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç, şəhər rəsmiləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını təbrik edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə göstərdiyi diqqət və qayğıdan, şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında qazanılan uğurlardan danışıb, zavodun şəhərin sənaye xəritəsində mühüm yeri olduğunu qeyd edib.
Gəncə avtomobil zavodu müşahidə şurasının sədri, millət vəkili Xanlar Fətiyev çıxış edərək müəssisə kollektivinin ötən müddət ərzində qazandığı uğurlardan, gələcək perspektivlərdən söhbət açıb.
Belorusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç çıxışında Belorus-Azərbaycan əlaqələrinin hər iki ölkəyə layiqli töhfələr verdiyini, gələcəkdə də Gəncə Avtomobil Zavodu ilə qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyini bildirib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Belorusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviçə fəxri diplomlar təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Gəncə Avtomobil Zavodunun işçilərindən Həmzə Məmmədov, Vahid Məmmədov, Zahid Muradov “Tərəqqi” medalı ilə təltif olunublar. Mərasimdə mükafatlar təntənəli şəkildə sahiblərinə təqdim olunub.
Ölkə başçısının digər Sərəncamı ilə Fəxrəddin Süleymanova “Əməkdar mühəndis” fəxri adı verilib.
Zavodun ilk direkoru Kafiz Abdullayevə, Müşahidə Şurasının üzvü Musa Əsgərova, müəssisənin İstehsalat Birliyinin direktoru, “Tərəqqi” medallı Kamran Nəzərova Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının Fəxri diplomları verilib.
Belorus Respublikası Parlamentinin Fəxri Fərmanı və döş nişanı Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının sədri, millət vəkili Xanlar Fətiyevə təqdim edilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə toplantı iştirakçılarının müraciəti qəbul olunub.